27 avqust 2022 01:17
668

Orta Dəhlizə qlobal miqyasda böyük maraq göstərilir

Azərbaycanın tranzil ölkə olduğu bu nəqliyyat marşrutu vasitəsilə yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 15% çox olub

Rusiya üzərindən ixrac hər an Qərb sanksiyaları və digər səbəblər üzündən dayandırıla bilər. Bu səbəbdən Mərkəzi Asiya ölkələrinə yeni ixrac marşrutları lazımdır və bu mənada Orta Dəhliz böyük önəm kəsb edir.

Azərbaycanın tranzit imkanları Mərkəzi Asiyanın aparıcı ölkələri sırasında yer alan Qazaxıstanın da ixrac imkanlarının genişləndirilməsinə böyük töhfələr vermək iqtidarındadır. Qazaxıstan üçün nəqliyyat əlaqələrinin inkişafı və davamlılığı xüsusi önəm kəsb edir. Bu məsələyə xüsusi diqqət yetirən Qazaxıstan artıq Xəzər dənizindəki Aktau limanından istifadə etməklə Azərbaycan istiqamətində yükdaşımaların həcmini artırıb. Qarşıdakı dövr ərzində daha çox həcmdə Aktaudan Bakı limanına çatdırılan qazax yükləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Avropaya aparılacaq.

Əks istiqamətdə daşınmalarla Qazaxıstan bu ölkələrdən ehtiyac duyduğu məhsulları alacaq. Qazaxıstan yüksək səviyyədə qeyd edib ki, ölkəsi Bakı- Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarını bundan sonra da artırmaq niyyətindədir. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir. Transxəzər Dəhlizi çərçivəsində Azərbaycanla Qazaxıstan Mərkəzi Asiya, Cənubi Qafqaz, Avropa və Asiya qitəsində yer alan dövlətləri arasında əsas əlaqələndirici rol oynamaq iqtidarındadırlar. Qazaxıstan prezidentinin ölkəmizə səfəri çərçivəsində əldə edilən razılıqlar artıq bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlandığını göstərir. Bu, hər iki ölkənin iqtisadiyyatının daha sürətli inkişafına əlavə təkan verəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi “ADY Container” MMC-nin illik hesabatına əsasən, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları arasında ən mühümü Orta Dəhlizdir. Belə ki, ölkəmizin ərazisindən keçən digər nəqliyyat marşrutları ilə müqayisədə dəmir yolu ilə konteyner yükdaşımaları ən çox bu marşrut vasitəsilə həyata keçirilir. Orta Dəhliz üzrə Azərbaycan ərazisindən keçməklə 2021-ci ildə əsasən 12 istiqamətdə həyata keçirilmiş yükdaşımaların strukturunda birinci yerdə Çin-Türkiyə, ikinci yerdə Qazaxıstan-Türkiyə, üçüncü yerdə isə Gürcüstan-Qazaxıstan istiqamətidir. Orta Dəhliz vasitəsilə Azərbaycan üzrə ümumi konteyner yükdaşımaların strukturunda ixrac, idxal və tranzit istiqamətlərinin payı ilə əlaqədar olaraq qeyd olunmalıdır ki, 2021-ci ildə tranzit istiqamətinin payı 92,4% olmaqla maksimal həddə çatıb. Cari il ərzində bu göstərici daha da artıb. Hazırda Mərkəzi Asiya ölkələrindən Orta Dəhlizə müraciətlər çox olur. Xüsusən da Qazaxıstan buna daha çox maraq göstərir. Bu məsələdə Azərbaycan-Gürcüstan-Qazaxıstan arasında birgə operatorun yaradılması ilə bağlı razılıq əldə edilib.

Eyni zamanda, bu kontekstdə görülən işlər belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan mühüm beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirəcək. Mövcud marşrutlarla yanaşı, Azərbaycan yenə belə tranzit dəhlizlərinin yaradılması istiqamətində də intensiv iş aparır. Bu xüsusda Zəngəzur dəhlizi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələr indi daha çox diqqət cəlb edir. Bu istiqamətlər üzrə də yükdaşımalar əhəmiyyətli dərəcədə artacaq.

Cavid Əkbərov, “İki sahil”