Azərbaycanda əmanət faizlərinin inflyasiyadan xeyli geri qalmasına baxmayaraq əhalinin banklardakı vəsaitlərinin məbləği artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, avqust ayının əvvəlinə bankların depozit portfelinin 35,8 faizini fiziki şəxslərin əmanətləri təşkil edib. Təkcə iyul ayı ərzində bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 2,2 faiz (226,9 milyon manat) artaraq 10 milyard 605,5 milyon manat təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin məbləğinin artması banklara olan etimadın göstəricisi ola bilər. Ancaq burada başqa nüanslar da var. Əvvəlcə ondan başlayaq ki, bankların kredit faizləri artmaqda davam etsə də əmanət faizləri azalmaqdadır. Milli valyutada yeni cəlb edilmiş əmanətlərin orta faiz dərəcəsi avqustun 1-i tarixinə 7,44 faiz təşkil edib. Hərçənd ki, bir ay əvvəl bu göstərici 8,15 faiz, ilin əvvəlində isə 9,07 faiz olmuşdu. Yeni verilmiş manatla kreditlərin orta faiz dərəcəsi 16,67 faiz olub, bir ay əvvəl 16,17 faiz idi. Belə şəraitdə əmanətlərin artması əhalinin sərəcamlarında olan vəsaitlərin inflyasiyanın təsirindən qismən də olsa qorumaq məqsədi daşıdığı aydın olur. Baxmayaraq ki, cari ilin yanvar-iyul aylarında 13 faizlik inflyasiya fonunda banklara qoyulmuş əmanətlərin real gəlirliliyi mənfidədir.
Əmanətlərin artmasının bir səbəbi də milli valyutanın məzənnəsinin sabit olaraq qalmasıdır. Belə ki, fiziki şəxslərin əmanətlərinin artması fonunda onların dollarlaşması iyul ayında əvvəlki aya nisbətən 0,3 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4,8 faiz bəndi azalaraq 39,9 faiz təşkil edib.
Digər tərəfdən, əmanətlərin artım tempinin kreditlərin artım tempini üstələməsi faiz dərəcələrinin azalmasına gətirib çıxarır. Belə ki, təkcə iyul ayında əmanətlər 226,9 milyon manat artsa da kreditlər cəmi 167,4 milyon manat çoxalıb.
Əmanətlərin əksər hissəsi paytaxtın payına düşür. Əmanətlərin 89,1 faizi Bakı iqtisadi rayonundakı banklara qoyulub. Ən az əmanət göstəricisi isə Dağlıq Şirvan iqtisadi rayonu üzrə qeydə alınıb. Ümumi əmanətlərin 0,3 faizi bu iqtisadi rayona aiddir.
Əmanətlər üzrə ən aşağı faiz dərəcəsi isə Naxçıvan iqtisadi rayonundadır. Burada əmanətlər üzrə orta faiz dərəcəsi 1,86 faiz, o cümlədən manatla 2,16 faiz, xarici valyutada 0,74 faiz olub. Burada milli valyutada müddətli əmanətlər üzrə orta faiz 6,76 faiz, tələbli əmanətlər üzrə isə 0,26 faiz təşkil edib. Ümumi əmanətlərin 0,64 faizi bu iqtisadi rayonun payına düşüb.
Əmanətlərə ən yüksək faiz verən bölgə isə Gəncə-Daşkəsən iqtisadi rayonudur. Burada əmanətlər üzrə orta faiz dərəcəsi 5,36 faiz, o cümlədən manatla 5,9 faiz, xarici valyutada 0,92 faizdir. Həmçinin manatla müddətli əmanətlər üzrə orta faiz 9,55, tələbli əmanətlər üzrə 0,19 faiz təşkil edib. Bununla belə, ölkə üzrə banklardakı əmanətlərin cəmi 1,5 faizi bu bölgəyə aiddir.
Müddətli əmanətlər üzrə ən yüksək faiz dərəcəsi isə Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 9,55 faiz olub. Lakin ümumi əmanətlərin cəmi 0,73 faizi bu ərazinin payına düşüb.
Ceyhun Piriyev, “İki sahil”