"SOCAR karbamid" zavodunun məhsulu qeyri-neft ixracında ilk yerlərdə olmaqda davam edir. Belə ki, karbamid cari ilin iyul ayında Azərbaycandan ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında yenidən birinci olub. Həmin ay 23,1 milyon ABŞ dolları məbləğində karbamid ixrac edilib. Bundan əvvəl mart ayında karbamid 23,9 milyon dollarlıq ixracla qeyri-neft sektorunda birinci olmuşdu. Ümumilikdə isə yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid 121,9 milyon ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə karbamid ixracının fiziki çəkisi 2,4 dəfə artsa da dəyəri 6 dəfə yüksəlib. Bu, karbamid ixracının dəyərinin artmasından xəbər verir. Belə ki, ötən ilin 7 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə karbamid ixracı orta hesabla 2,5 dəfə artıb.
Cari ilin 7 ayında ümumilikdə SOCAR-ın qeyri-neft ixracının dəyəri 444,1 milyon dollar olub. Bununla da Şirkətin qeyri-neft ixracının dəyərinin 27,5 faizini karbamid təşkil etdiyi məlum olur. Həmçinin bu ilin iyul ayında ölkədən karbamid ixracının dəyəri ötən ilin eyni ayına nisbətən 1,8 dəfə artıb. Hərçənd ki, ötən ilin iyul ayı da karbamid ixracı üçün uğurlu olmuşdu. Həmin vaxt karbamid ixracının dəyəri 12,7 milyon dollar olmaqla qeyri-neft ixracında nəticə göstərmişdi. Elə ötən il də karbamid ixracı üçün əlverişli keçib. Belə ki, 2021-ci ildə əvvəlki illə müqayisədə karbamid ixracının fiziki çəkisi 4,5 dəfə, dəyəri isə 11 dəfə artıb.
Prezident İlham Əliyev ötən ay Azərbaycan Televiziyasına müsahibəsində karbamid ixracına da toxunub: “Gübrəyə gəldikdə isə bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik”.
"SOCAR karbamid" zavodu 2019-cu ildə istismara verilib. Müəssisə Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib.
Zavodun gündəlik istehsal həcmi 2 min, illik istehsal gücü 660 min tondur. İstehsal olunan məhsulun 30 faizi daxili bazar, 70 faizi ixrac üçün nəzərdə tutulub. Bu zavod daxili bazarın tələbatını tam ödəyir. İxrac olunan ölkələrin top 5-liyində Hindistan, Braziliya, Moldova, Türkiyə və Bolqarıstan yer alır.
Ceyhun Piriyev, “İki sahil”