03 sentyabr 2022 03:24
582

Ümumi istehlakda alternativ enerjinin payı 20 faiz artırılmalıdır - Yeni hədəf

COVID-19 pandemiyası bir çox sahələr kimi, alternativ mənbələrdən enerji istehsalını da ləngitdi. Avropa Birliyi 2030-cü ilə qədər enerji istehlakının, hətta indiki hədəflər fonunda yarısının alternativ mənbələrdən əldə etmək niyyətindədir. Ona görə də bir çox ölkələrdə alternativ mənbələrin enerji istehlakında payının artması müşahidə edilir. Statistikaya əsasən, qlobal miqyasda 733 milyon insan hələ də elektrik enerjisindən istifadə edə bilmir. 2,4 milyard insan isə hələ də sağlamlıqlarına və ətraf mühitə zərərli yanacaqlardan istifadə edir. Enerji Tərəqqi Hesabatı bildirir ki, müasir tempə görə, dünya hələ də 2030-cu ilə qədər yaşıl enerjini tam bərpa edə bilməyəcək. Bərpa olunan enerji mənbələri ölkələrə iqlim dəyişikliyini yumşaltmağa, dəyişkən qiymətlərə davamlılıq yaratmağa və enerji xərclərini azaltmağa kömək edə bilər.

Qeyd etməliyik ki, bərpa olunan enerjiyə tələbin artması Rusiya-Ukrayna münaqişəsi fonunda daha da aktuallaşıb. Çünki adıçəkilən ölkələr arasında aylardır davam edən hərbi münaqişə qaz təchizatının fasiləsizliyi məsələsini yenidən gündəmə gətirdi. Həm də münaqişə digər ölkələrin enerji təchizatına güclü təsir etdi. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı Ukraynada keçirilən xüsusi əməliyyatlara görə Rusiyaya fəal şəkildə sanksiyalar tətbiq edir. Əgər əvvəllər məhdudiyyətlər Rusiyanın bank və maliyyə sektoruna, yüksək texnoloji məhsulların tədarükünə təsir edirdisə, martın 8-də ABŞ Prezidenti Co Bayden artıq həmin ölkədən neft və qazın idxalını dayandırdığını elan etdi. Böyük Britaniya da cari ilin sonuna qədər Rusiya neftinin idxalını dayandıracağına söz verib. Lakin Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Şərqi Avropa onların maraqlarına zərbə vuracaq bu cür tədbirlərə hazır deyil. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell də Aİ ölkələrinin Rusiya qazından bir gecədə imtina edə bilməyəcəklərini bildirsə də onları Moskvadan asılılığı azaltmağa çağırıb.

Bir sözlə, hazırda Rusiya qazından asılı ölkələr alternativ mənbələr axtarışındadır.

Azərbaycan alternativ enerjini dəstəkləyən ölkələrdəndir və hazırda bu istiqamət bir çox ölkələrlə əməkdaşlığımızın prioritet sahələrindən biridir. Baxmayaraq ki, xüsusən son 28 ildə Azərbaycan ənənəvi  neft, qaz hasil və ixrac edən ölkə kimi tanınır, amma bununla yanaşı, alternativ mənbələrdən enerjinin əldə edilməsi, istehlakın artırılması da əsas hədəflərdəndir. Ölkəmizin, xüsusən də işğaldan azad olunmuş torpaqlarımızın əlverişli coğrafi iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadəyə imkan yaradır. Prezident İlham Əliyev bəyan edib ki, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda bu istiqamətində genişmiqyaslı işlər aparılır.

Körfəz ölkələrini təmsil edən şirkətlərin iştirakı ilə alternativ enerji istehsalının genişləndirilməsi ilə bağlı həm təməlqoyma mərasimləri, anlaşmalar, Şuşada Bakı Enerji Həftəsi çərçivəsində “Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində “yaşıl enerji”nin potensialı və imkanları” mövzusunda keçirilən xüsusi sessiya  növbəti illərdə Azərbaycanın istehlakında alternativ enerjinin payının artmasına imkan verəcək. 

Azərbaycanın hədəfi növbəti illər üzrə ümumi istehlakda alternativ enerjinin payının 20 faizə qədər artırılmasıdır. İşğaldan azad olunmuş bəzi ərazilərimizdə əsasən, bəzilərində isə yalnız alternativ enerjidən istifadə olunacaq. Həm Qarabağın, həm də Şərqi Zəngəzurun kifayət qədər böyük potensialı var. Azərbaycanın mineral su ehtiyatlarının 30 faizə qədəri işğaldan azad olunmuş ərazilərimizin payına düşür. Külək və günəş enerjisi ilə bağlı potensial da böyükdür. Məhz sadalanan səbəblərdən Azərbaycan alternativ enerji mənbələrindən əldə edilən enerji hasilatını artırmaq və onun payını yüksəltmək niyyətindədir. Xatırladaq ki, 2022-ci ilin ötən ayları ərzində biz iki alternativ enerji stansiyalarının təməlinin qoyulmasının şahidi olduq. Bunlardan biri Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasıdır. Yanvarın 13-də bu stansiyanın Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. Daha sonra martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. Bu, ekoloji baxımından da vacibdir və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına ciddi töhfə verir.

Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşdü. Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpa olunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olundu.

Günel Cəlilova, “İki sahil”