05 sentyabr 2022 17:08
398

Nazir: Azərbaycan üçün hasilat üzrə gündəlik kvota 718 min bareldir

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara aldı.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

”OPEC+” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara aldı. Azərbaycan üçün gündəlik kvota (neft hasilatı üzrə - red.) 718 min bareldir”, - paylaşımda qeyd olunur.

OPEC-n məlumatına görə, “OPEC+” ölkələri nazirlər konfransı başa çatdı, alyans üzvləri oktyabr ayında gündəlik neft hasilatının 100 min barel azaldılması təklifini təsdiqlədi.

Məlumatda qeyd olunur ki, ittifaq ölkələri hasilatı sutkada 100 min barel azaltmaqla avqust ayı hasilat səviyyəsinə qayıtmağa razılaşıblar.

Sənəddə o da qeyd olunur ki, “OPEC+” ölkələrinin nazirləri bazardakı vəziyyətə cavab vermək üçün istənilən vaxt görüşləri keçirmək qərarına gəliblər. “OPEC+- çərçivəsində növbəti iclas oktyabrın 5-nə planlaşdırılıb.