05 sentyabr 2022 23:52
516

Ölkəmiz İtaliyanın enerji təchizatında hansı rola malikdir?

Azərbaycan-İtaliya əməkdaşlığı iqtisadi-ticari sahədə xüsusi əhəmiyyətə malikdir. G7 qrupunun (Böyük Yeddilik) üzvü olan bu dövlət ölkəmizin mühüm ticarət və ixracat tərəfdaşıdır. Azərbaycan da İtaliyanın Cənubi Qafqazdakı ən iri ticarət tərəfdaşıdır. Bu bölgədə İtaliyanın apardığı ticarətin 90%-dən çoxu Azərbaycanın payına düşür.

Nəzərə alınmalıdır ki, 2022-ci ilin göstəricilərinə görə İtaliya dünyanın 8-ci ən böyük iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir. İtalyan şirkətləri sənaye, o cümlədən müdafiə və yüngül sənaye, energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti və digər sahələrdə dünya üzrə ən qabaqcıl sıralardadır.

Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir. Bu baxımdan iki ölkənin enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan limanına çıxardığımız neftin əsas alıcısı İtaliyadır. Bu baxımdan İtaliya enerji sahəsində Azərbaycanın ən böyük tərəfdaşıdır, desək şübhəsiz səhv etmərik. TAP layihəsi üzrə Azərbaycan qazının əsas alıcıları isə Yunanıstan, Bolqarıstan, Serbiya ilə yanaşı, həm də İtaliyadır.

TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyaya satılan qazın həcmi iki dəfəyə qədər arta bilər.

Müstəqillik illərindən başlayaraq İtaliya ilə Azərbaycan arasında iqtisadi-ticari sahədə əməkdaşlıqlar genişlənib. Bu Avropa ölkəsi Azərbaycanın mövqeyini beynəlxalq arenada daim dəstəkləyib. Ümumiyyətlə, İtaliya Azərbaycana dost ölkədir və iqtisadiyyatı dünyanın ilk onluğuna düşür. Bu cür böyük iqtisadi gücə malik bir dövlətlə Azərbaycanın dost olması ölkəmizin maraqlarına tamamilə uyğundur.

Nəzərə almaq lazımdır ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir. Bu baxımdan torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan hökumətinin ölkəyə dəvət etdiyi ölkələr arasında İtaliya şirkətləri xüsusi yer alıb. Dost ölkənin şirkətləri arasında əsasən alternativ enerji, abidələrin bərpası, eləcə də digər bərpa-quruculuq işləri ilə məşğul olanlar üstünlük təşkil edir. İşğaldan azad edilmiş ərazilərimizin bərpasına maraq göstərən digər İtaliya şirkətləri ilə də müzakirələr aparılır.

Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

Cavid Əkbərov, “İki sahil”