06 sentyabr 2022 01:17
555

Avronun “qara günləri”

Avropanın ümumi valyutası niyə ucuzlaşıb?

Enerji böhranı avroya təzyiqini artırmağa davam edir. Yeni həftənin ilk əməliyyatlarında avro dollar qarşısında ilk dəfə 0,99-dan aşağı düşüb. Bununla da əvvəllər dayanıqlılığı ilə diqqət çəkən bu valyuta növü son 20 ilin ən aşağı səviyyəsinə yuvarlanıb.

Avropadakı enerji böhranı qitənin ümumi valyutasını qeyd etdiyimiz kimi, son 20 ilin ən aşağı səviyyəsinə endirib. Avro/dollar məzənnəsi 0,99 səviyyəsindən də aşağı düşərək (1 avro 0,9878 dollar səviyyəsini test edib) 2002-ci ildən bəri ən aşağı səviyyəsini görüb. Avronun ucuzlaşmasına son vaxtlar daha da kəskinləşən enerji böhranı səbəb olmaqdadır. Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.

“Qazprom”un yaydığı açıqlamada “Şimal axını”nın turbinində nasazlıqların aşkarlandığı bildirilib. Kəmər ilə təbii qazın nəqlinin nasazlıqlar aradan qaldırılmadan həyata keçirilməyəcəyi qeyd edilən açıqlamada bu səbəbdən “Şimal axını” ilə təbii qazın nəqlinin qeyri-müəyyən müddətə dayandırılmasına qərar verildiyi qeyd edilib.

Avronun ucuzlaşmasına digər səbəb G-7 ölkələrinin Rusiya nefti üçün tavan qiymət (maksimum qiymət) müəyyən etmək üçün razılaşmalarıdır. G-7 ölkələrinin maliyyə nazirləri birgə bəyanatda Rusiyadan idxal ediləcək xam neft və neft məhsulları üçün tavan qiymət tətbiqi ilə bağlı razılığa gəldiklərini təsdiqləyiblər. Qərb ölkələrinin liderləri iyun ayında Moskvanın müharibədə istifadə edə biləcəyi gəliri məhdudlaşdırmaq məqsədilə Rusiya xam neftinin qiymətinə tavan tətbiq etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, avro Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahididir. Avronun rəsmi pul vahidi olduğu 18 ölkə var. Bunlar Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya və Latviyadır. Bunlardan başqa, avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır.

1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi Avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz edib.

Cavid Əkbərov, “İki sahil”