Prezident İlham Əliyevin bugünlərdə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində geniş yer verdiyi məsələlərdən biri də enerji layihələri olub. Müsahibədə diqqət yetirilən əsas məsələlərdən biri Avropaya qaz nəqlini artırılması, digəri Transxəzər layihəsidir.
Rusiya-Ukrayna müharibəsi Avropanın təbii qaz bazarında yeni reallıqlar yaradıb. Ənənəvi mənbəni digərləri ilə əvəz etmək zərurəti formalaşıb. Düzdür, “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fikirlər yeni deyil. Buraya enerji mənbələri və marşrutlarını şaxələndirmək siyasəti daxildir. Bu isə yeni mənbələr və marşrutlar deməkdir. Belə mənbə və marşrutlardan biri Azərbaycanın resursuna əsaslanan və onun təşəbbüsü ilə ərsəyə gətirilmiş Cənub Qaz Dəhlizidir. Lakin bu mənbə və marşrut bəlli hasilat və ötücülük qabiliyyətinə malikdir. Onun artırılması yeni müqavilələr və investisiyalar tələb edir.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycanın təbii qazın nəqli ilə bağlı olan layihələri mövcud həcmlərə əsaslanıb. Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələri uzun illər əvvəl imzalanıb: “Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir”.
Ancaq məsələ təkcə boru xətlərinin ötürmə qabiliyyəti ilə bitmir. Burada ehtiyatlar daha böyük rola malikdir. Prezident İlham Əliyev təsdiq edilmiş ehtiyatların həcminin ən azı 2,6 trilyon kubmetr qaz təşkil etməsini xatırladaraq Avropanın Azərbaycan üçün yeganə qaz bazarı olmadığını bildirib: “Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir”.
Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan edib ki, Avropaya qaz nəqlində Rusiya ilə rəqabət aparmaq niyyətində deyil. Ölkə başçısı diqqətə çatdırıb ki,Azərbaycan nə əvvəllər, nə də indi öz qarşısına Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymayıb: “Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk”.
Məlum məsələdir ki, siyasi tərəfi bir yana, Rusiya təbii qaz ehtiyatlarına görə dünya ilk yerdədir. Bu ölkənin Avropaya qaz nəqlinin həcmi Azərbaycandan 15-16 dəfə çoxdur.
Digər məsələyə gəlincə, Azərbaycanın Transxəzər layihəsi ilə bağlı mövqeyi çoxdan məlumdur. Belə ki, Türkmənistan təbii qazının Avropaya ixracını nəzərdə tutan bu layihədə Azərbaycanın iştirakı tranzit ölkə olmaqla yekunlaşır. Bununla da Transxəzər layihəsinin reallaşması qazın alıcısı və satıcısından asılıdır. Bu baxımdan müxbirin “Siz, məsələn, Transxəzər kəmərinin tikintisini nəzərdən keçirirsinizmi? Çünki bununla siz Qazaxıstanın və Türkmənistanın qaz yataqlarını birləşdirərək təkcə Avropa deyil, bütün region üçün misilsiz bir qaz qovşağına çevrilə bilərsiniz” sualına Prezident İlham Əliyevin konkret misallarla cavabı diqqətdən yayınmır. Ölkə başçısı xatırladıb ki, bu layihə uzun illərdir ki, müzakirə olunur: “Bu məsələnin 15 ildir müzakirə olunduğunu xatırlayıram. Amma praktiki nöqteyi-nəzərdən heç bir addım atılmayıb. Biz Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı təşəbbüs irəli sürdükdə aparıcı rolu öz üzərimizə götürdük, biz komanda yaratdıq, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardıq. Biz, həmçinin əsas investor idik. Bakıdan Ceyhana qədər kəmərin tikintisi zamanı da belə oldu. Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər. Başqa sözlə desək, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil”.
Buradan o qənaətə gəlmək olur ki, Azərbaycan bu layihənin reallaşmasının əleyhinə deyil. Lakin onun təşəbbüskarı da olmayacaq. Azərbaycanın hazırda bu istiqamətdə əsas hədəfi Avropaya elektrik enerjisi ixrac etməkdir.
Bütün bunlar Azərbaycan gələcək enerji siyasətinə də aydınlıq gətirir. Yalnız onu demək mümkündür ki, bu siyasət hansısa ölkələrin maraqları ilə uzlaşmaya və ya kəsişməyə deyil, Azərbaycana xidmət edir.
Ceyhun Piriyev, “İki sahil”