27 sentyabr 2022 17:06
543

Ağdaşda 27 sentyabr - Anım Günü qeyd edildi - FOTO

27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Ağdaş rayonunda silsilə tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu gün rayon rəhbərliyi, Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının rəhbərliyi və fəalları, millət vəkili, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müahribə iştirakçıları rayonun Şəhidlər Xiyabanı kompleksini ziyarət etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin hüzünlə anılmış və ruhlarına dualar oxunmuşdur. Ümumrayon tədbirini açan rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov qeyd etdi ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından iki il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal altındakı torpaqların azad edilməsi məqsədilə rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Qeyd edildi ki, Vətən müharibəsində Ağdaş rayonundan olan 32 şəhidin adı illər boyu ehtiramla anılacaq və hər zaman fəxr mənbəyimiz olacaqdır.

Millət vəkili Məzahir Əfəndiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisiNizami Heybətov, şəhid atası Ayaz Vəliyev çıxış edərək bildirdilər ki, Prezidentimiz cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq  Anım günü kimi qeyd edilir. Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarından qovmağa, ərazilərini düşmən qüvvələrdən təmizləməyə nail oldu. Vətən müharibəsində qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı bahasına bütün dünyanın Azərbaycanın şanlı Qələbəsinə şahid olduğu və bu zəfərin həm də “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyduğu bildirilib. Bildirilib ki, tarixi qələbə nəticəsində dədə-baba yurdlarımız təxminən 30 ildən sonra düşməndən azad edildi. Bu tarixi qələbə bir milyondan çox Azərbaycan vətəndaşının uzun illər davam edən Vətən həsrətinə və nisgilinə son qoydu.

Tədbir iştirakçıları şəhid məzarları, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin kompleksdəki xatirə lövhələrinin qarşısına gül-çiçək dəstələri düzdülər.

Sonra Şəhidlər xiyabanı kompleksinin ətrafındakı ərazidə şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası keçirildi.

Anım Günü ilə əlaqədar rayon ərazisində dövlət bayraqları endirilmiş, saat 1200-da şəhidlərin əziz xatirəsi rayon ərazisində bir dəqiqəlik sükutla yad edilmiş, Ağdaş şəhərinin prospekt və küçələrində avtomobillərin və piyadaların hərəkəti dayandırılmış, avtomobillərdən səs siqnalları verilmişdir.

Gün ərzində Şəhidlər Xiyabanına partiya fəallarının ziyarəti davam etmişdir.