“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib
Sentyabrın 27-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Vətən müharibəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdən öncə Bakıda və Gəncə şəhərində QSC-nin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun, eləcə də bu haqq savaşında canlarını qurban vermiş digər cəsur oğulların məzarları ziyarət edilib. Cəmiyyətin kollektivi şəhidlərin əziz xatirəsinə sonsuz ehtramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Anım tədbirində ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri “AzerGold” QSC-nin İdarə Heyətinin (İH) sədri Zakir İbrahimov giriş sözü ilə açaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Bu müharibənin Azərbaycan xalqının, onun liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirən İH-nin sədri vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət, xalq-iqtidar birliyi və müasir, güclü ordu quruculuğu nəticəsində haqq savaşında parlaq Qələbə qazandıq.
Şəhid ailələri və qazilərə qayğının dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Z.İbrahimov bu kateqoriyadan olan insanların sosial müdafiəsi proqramlarının uğurla icra edildiyini və bu tədbirlərin ardıcıl xarakter daşıdığını vurğulayıb. O, hazırda Cəmiyyətdə 44 nəfər Vətən müharibəsi iştirakçısının, 10 nəfər Birinci Qarabağ müharibəsi veteranının, 1 nəfər müharibə əlili və 10 nəfər şəhid ailəsi üzvünün çalışdığını diqqətə çatdırıb.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxış edərək dövlət tərəfindən Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə göstərilən dərin ehtiramdan bəhs edib. Yaralı qazilərimizin müalicəsi, reabilitasiyası istiqamətində böyük işlərin görüldüyünü qeyd edən M.Yolçiyev şəhid ailələrinin sosial-məişət problemlərinin həll edilməsi istiqamətində vacib addımların atıldığını vurğulayıb.
Tədbirdə həmçinin şəhidlərin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür ediblər.
Şəhid Muxtar Qasımlının atası Əli Qasımov oğlu ilə fəxr etdiyini bildirib, övladının xatirəsinin yaşadılması istiqamətində dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirib.
Şəhid baş leytenant Rauf Əsgərovun anası Brilliant Əsgərova oğlunun Füzulinin azad olunmasında igidlik göstərdiyini, 2020-ci ilin 26 oktyabr tarixində bu rayonun Mərdinli kəndində şəhadətə yüksəldiyini və övladının vaxtilə fəaliyyət göstərdiyi müəssisədə onun əziz xatirəsinin daim uca tutulduğunu bildirib.
Şəhidlərin ailə üzvləri Muxtar və Raufla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin davamında “AzerGold” QSC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları Eldəniz Vəliyev və Sədi Abbasov keçdikləri döyüş yolundan bəhs edib, müharibə təəssüratlarından danışıblar.
Tədbir çərçivəsində, həmçinin “AzerGold” QSC-nin əməkdaşları Daşkəsən rayonunda yaşayan şəhid ailələrinin evlərində qonaq olublar. Görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin firavanlığına bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib. Sosial aksiyada Vətən müharibəsi şəhidlərinin ailələrinə Cəmiyyətin adından maddi yardım və ərzaq bağlamaları təqdim olunub.
Cavid Əkbərov, “İki sahil”