Xanım Qasımova: Ərazi bütövlüyü təmin olunmuş ölkənin müəllimi olmaq böyük məsuliyyət yaradır və sonsuz fəxarət hissi yaşadır
Hər il 5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin əməyinə qiymət verilir. Müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla anılır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
“İki sahil” in əməkdaşı əlamətdar günlə əlaqədar ömrünün 30 ilini bu çətin, eyni zamanda, şərəfli peşəyə həsr edən müəllimlərimizdən biri ilə həmsöhbət oldu. Bir az da dəqiqləşdirməli olsaq müsahibimiz paytaxtın Nizami rayonundakı Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan dili dərsliklərinin müəllifi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımovadır.
-Xanım müəllimə, istərdik ki, özünüzü oxucularımıza təqdim edəsiniz…
- 1996-cı ildən 220 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Çalışdığım müddətdə şagirdlərim ali məktəblərə qəbul imtahanlarında, bilik yarışlarında və inşa yazı müsabiqələrində dəfələrlə yüksək nəticələr əldə ediblər. 2008-ci ildə "Müstəqillik illərində Azərbaycan dilində termin yaradıcılığının əsas istiqamətləri" mövzusunda namizədlik işini müdafiə etmişəm, filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşəm. İndiyədək bir monoqrafiyam, 15 elmi məqaləm çap olunub. 2003-cü ildən 4-cü, 5-ci siniflər üçün Azərbaycan dili dərslikləri və müəllim vəsaitlərinin müəllifiyəm. 2008-2009-cu illərdə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. “E-Twinning” beynəlxalq layihəsinin Avropa Keyfiyyət nişanına layiq görülmüşəm. Norveçin paytaxtı Oslo şəhərindəki Nizami Gəncəvi adına həftəsonu məktəbində onlayn qaydada Azərbaycan dili dərsləri keçir, yazarlarla, şəhid ailələrinin üzvləri ilə görüşlərə qatılıram. Pedaqoji fəaliyyətim ərzində ən böyük uğurum vətənpərvər, humanist, savadlı şagirdlər yetişdirmək olub. Yeni təhsil layihələrinə qoşulmaq, elmi toplantılarda iştirak etmək və şagirdlərimlə birgə uğurlar qazanmaq üçün var qüvvəmlə çalışmağa davam edirəm.
-Niyə məhz müəllimlik sənətini seçmisiniz?
-Çox sevdiyim Azərbaycan dili və ədəbiyyatı müəllimim Şaiq İbrahimovun "Səndən yaxşı müəllim olar" təklifi içimdə bu peşəyə həvəs oyatdı. İndi bu həvəsin arxasınca getməyimdən çox məmnunam. İnsan ruhuna təsir etmək, vətəndaş yetişdirmək , şagirdlərimin yaddaşında iz buraxmaq, həyat yollarına istiqamət vermək mənim üçün xoşbəxtlik mənbəyidir.
-Hər peşənin çətinlikləri olur. Sizcə, müəllimlik sənətinin çətinlikləri, incə məqamları hansılardır?
-Bu peşədə müxtəlif xarakterləri, fərqli düşüncə tərzlərini eyni məqsədə-bilik almağa, intizama dəvət etmək xüsusi peşəkarlıq tələb edir.
-Müəllim kimi ilk dərsinizi necə xatırlayırsınız?
-Bakı Dövlət Universitetinin birinci kursunda təhsil alırdım. Sumqayıtda yerləşən 25 saylı orta məktəbdəki müəllimimə - Şaiq İbrahimova minnətdarlıq etmək üçün həmin məktəbə getmişdim. Şaiq müəllim məni təbrik edib şagirdlərinə təqdim etdi. Sonra özü arxa sırada əyləşərək "Xanım müəllimə, buyur, dərsi keç",- dedi. Bir anlıq tutuldum, duydu və "Bacaracaqsan",-dedi. Müəllimimin qarşısında ilk dərsimi - Füzulinin "Meyvələrin söhbəti” əsərinin təhlili mövzusunu keçdim.
Heç vaxt son dərs haqqında düşünmürəm. Olsa belə, ilk dərsim kimi olacaq
-Əsl müəllim necə olmalıdır?
- Zənnimcə, əsl müəllim cəmiyyətin sabahını düşünən insan olmalıdır. Çünki hər bir ixtisas sahibini müəllim yetişdirir. Müəllim özünü inkişaf etdirməli, elmi biliklərini fasiləsiz artırmalı, səbirli, anlayışlı, məsuliyyətli olmalıdır. Hər bir müəllim cəmiyyət üçün əsl vətəndaş yetişdirdikdə özünü xoşbəxt sanır.
-Adətən, hər bir müəllimin özünəməxsus tədris metodları olur. Bəs sizin özünüzün fərqli bir dərs metodunuz varmı?
-Müasir şagirdlərə dərs deyən müəllim fasiləsiz öz üzərində işləməli , yalnız yerli deyil, dünya təhsil sistemindən də bəhrələnməli, yeni üsullarla şagirdlərində dərsə maraq yaratmalıdır. Fənnə sevgi müəllimə sevgidən başlayır. Ədalətli, savadlı, uğurlu, nəzakətli, yüksək intellektə malik müəllim fənnini sevdirə bilər. Şagirdlərimin doğma dilimizə, ədəbiyyatımıza marağını hər zaman hiss etmişəm. Hər zaman fərqli , maraqlı tədris üsullarından istifadə etməyə üstünlük verirəm. Müəllifi olduğum dərslikləri və oradakı hekayələrimi tədris etməyim məni sevindirir. Şagirdlərimin dilinin lüğət tərkibinin zənginləşdirilməsinə, düzgün yazı, oxu qaydalarına əməl etmələrinə, onların bədii əsərlərin mütaliəsinə xüsusi diqqət yetirirəm. Dərsin sonunda hər bir şagird bu gün öyrəndiyi hansısa məlumatı müəlliminə söyləyib sinif otağından çıxır. Ədəbiyyat dərslərinin tədrisində şagirdlərlə məktəb həyətində-təbiətin qoynunda keçilən dərslər unudulmur. Ötən dərs ilinin sonunda şagirdlərimə təklif etdim ki, müxtəlif mövzularda bir hekayə yazsınlar. Onları redaktə etdim, bu dərs ilində "Qoca palıdın hekayələri" kitabı ilə onları sevindirdik.
- Pedaqoji fəaliyyətinizdə unutmadığınız məqam olubmu?
-Müəllim hər bir şagirdin, onun ailəsinin yaxın dostu olmalıdır. Bəzən çətin durumlarda şagirdlər, valideynlər müəllimdən məsləhət alırlar. Şagirdlər olub ki, məktəbi illər öncə bitirsə də , problemləri olub, zamanla onlardan mənəvi,psixoloji dəstəyi əsirgəməmişəm. Yadımdadır, yenicə müəllimlik fəaliyyətinə başlamışdım. Məni 5-ci sinfə rəhbər təyin etdilər. Məktəb qaydalarını pozduğu üçün şagirdi məktəbdən çıxarmaq qərarına gəlmişdilər. Bunu biləndə şagirdə təklif etdim ki, direktorun yanına gedib bir daha bu hərəkətin təkrar olunmayacağını söyləsin. Məktəb rəhbəri razılaşmadı. O zaman məktəb rəhbərindan kağız, qələm istədim. Səbəbini soruşanda: "Şagirdimi məktəbdən çıxarırsınızsa ,mən də işdən çıxmaq haqqında ərizə yazacağam" dedim. O şagirdim də , mən də məktəbdə qaldıq …
-Ən yaddaqalan şagird(lər)iniz…
-Şagirdlərimdən çoxu yadımdadır. Harada olsam, hətta xarici ölkələrdə, təyyarədə , mətbuatda, efirdə qarşıma çıxırlar, illər ötsə də yazırlar, axtarırlar. Bu, mənə mənəvi zövq verir.
-Hər zaman müəllim şagirdinə öyrədir, bəs sizin şagirdlərinizdən öyrəndiyiniz nələrsə olubmu?
-Həyat, yaşam öyrənmə üzərində qurulub. Sözsüz ki, hər bir müəllim şagirdlərini öyrətdikcə özü də öyrənir. Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən şagirdlərimiz Vətəni ürəkdən sevməyi, müxtəlif sahələrdə uğur qazananlar isə zəhmətin insan həyatındakı müsbət rolunu həm biz müəllimlərə, həm də şagirdlərə təlqin edirlər.
-Gənclərimizdə razı və narazı olduğunuz xüsusiyyətlər hansılardır? Şagirdlərinizə nəyi tövsiyə edərdiniz?
-Hər zaman onların əhatəsində olduğumuz üçün onlarda daha çox müsbət keyfiyyətləri görür və dəyərləndirirəm. Gənclərimizdə ən əsası məsuliyyət hissini formalaşdırmaq, Vətənə sevgi aşılamaq lazımdır. Şagirdlərimə tövsiyəm budur ki, özlərini və cəmiyyəti inkişaf etdirmək üçün hərtərəfli biliyə sahib olsunlar. Bu yolda heç bir əziyyətdən çəkinməsinlər, zamanlarını doğru şəkildə dəyərləndirsinlər. Hər kəs öncə Vətənini düşünməlidir. Məktəbimizin şəhid məzunları şagirdlərimizə vətənpərvərlik məktəbidir. Təhsil ocağımız şəhid Ərəstun Mahmudovun adını daşıyır. Hər gün məktəbimizin müəllim və şagirdləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Alı Həsənlinin xatirə abidəsinin qarşısından keçirlər. Bu zaman şagirdlərimlə birgə həm qürur hissi keçirir, həm də şəhidlərimizin ruhunu hörmətlə anırıq. Qarabağımızın azad olmasını müəllim və şagirdlər - hər kəs ömrünün ən gözəl hadisəsi sayır. Ərazi bütövlüyü təmin olunmuş ölkənin müəllimi olmaq daha böyük məsuliyyət yaradır və sonsuz fəxarət hissi yaşadır. Bizə bu hissi yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm!
-Hansı halda deyərsiniz ki, müəllimlikdən imtina edirəm və son dərsinizin necə olacağını düşünürsünüz?
-Öz işimdən məmnunam və onu heç bir peşəyə dəyişmərəm. Nikbin insan olaraq heç vaxt son dərs haqqında düşünmürəm. Olsa belə, ilk dərsim kimi olacaq.
-Sonda ürək sözləriniz…
-Bütün həmkarlarımı, Azərbaycan təhsilinin uğurları üçün çalışan bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tədris və elmi fəaliyyətlərində uğurlar diləyirəm.
Xanım müəllimə, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Sizin simanızda bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik! Parlaq gələcəyimizin qurucuları olan yüksək ixtisaslı mütəxəssislər hazırlayan, xalqına və dövlətinə bağlı layiqli vətəndaş yetişdirən müəllimlərimizə şərəfli işlərində yeni nailiyyətlər arzulayırıq! Qoy, əkdiyiniz ağacların gülü, çiçəyi heç zaman solmasın!
Yaqut Ağaşahqızı, “İki sahil”
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır