04 oktyabr 2022 15:21
592

Ağdaş rayonunda iki şəhidin ildönümü qeyd olunub - FOTO

Oktyabrın 4-də 44 günlük Vətən müharibəsində Ağdaş rayonunun iki şəhidinin -  Osmanov Məhəmməd Seymur oğlunun və Məmmədzadə Fərid Mehman oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub. Bu münasibətlə şəhidlərin doğulub-böyüdüyü və ailələrinin yaşadığı Ərəbocağı kəndində və Ağdaş şəhərində mərasimlər keçirilmişdir.

“İki sahil” xəbər verir ki, mərasimlərdə  Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin əməkdaşları,   şəhid ailələrinin üzvləri iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış,  ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Osmanov Məhəmməd Seymur oğlu 27 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Məhəmməd Osmanov Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”  və  “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Məmmədzadə Fərid Mehman oğlu 20 avqust 2000-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Xüsusi təyinatlı hərbçimiz  Fərid Məmmədzadə oktyabrın 4-də  Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə  şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,   “Füzulinin azad olunmasına görə” ,  “Cəsur döyüşçü” və  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.