04 oktyabr 2022 21:31
740

Sağlam mühit sağlam həyat deməkdir - FOTO

"Bizim həyət" layihəsi çərçivəsində Xətai rayonunun yenilənən növbəti məhəlləsi sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması uğurla davam etdirilir.

Oktyabrın 4-də “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Xətai rayonu, General Şıxlinski küçəsi 57 və 59 ünvanlarında 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaların əhatə etdiyi  və bir vaxtlar təmirsiz və baxımsız vəziyyətdə olan  bu həyət  indi müasir,  təmiz,  abad və rahat görkəm alıb.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 6 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 525 ədəd müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, 4200 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb.

Yaşıl sədlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə sədlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur. Bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə  birlikdə havanın çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

Bir vaxtlar baxımsız və təmirsiz vəziyyətdə olan həyətlər indi müasir, təmiz, abad və rahat  görkəm alıb. Maraqlıdır, bu yenilik, gözoxşayan dəyişiklik haqqında sakinlər nə düşünür?

“İki sahil” sakinlərin təəssüratlarını  təqdim edir.

İndi həyətimiz şəhərin mərkəzi küçələrindən heç nə ilə fərqlənmir

Rəfiqə Əliyeva qeyd etdi ki, 1988-ci ildən bu binanın sakiniyəm : “Buranın əvvəlki şəraiti ilə müqayisədə indiki görkəmi insanlarda xoş-əhval ruhiyyə yaradır. İndi həyətimiz şəhərin mərkəzi küçələrindən heç nə ilə fərqlənmir. Xətai rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların  həyətlərinin təmir olunmasına, belə gözəl abadlaşmasına  görə ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdarlığımı bildirirəm.”

Bu gözəlliyi qoruyub saxlamalıyıq

Gülbəs Məmmədovanın sözlərinə görə, əvvəllər bu həyət çox bərbad vəziyyətdə olub: “Həyətimizin indiki və əvvəlki görünüşü arasında çox fərq var. Əvvəllər  binamızın qarşısı çox pis vəziyyətdə idi.  Bu da bizi narahat edirdi. Artıq bizim də  müasir, abad və rahat həyətimiz var. Bununla yanaşı, balacalarımız üçün rəngarəng və maraqlı əyləncə zonası yaradılıb. Orada uşaqlarımız oynayır və əylənirlər. Yaşlı insanlar  əyləşmək üçün oturacaq tapmırdı. İndi isə  çoxlu ağaclar əkilib, ətrafında da rahat oturacaqlar quraşdırılıb. Həyətimizin  abadlaşmasında, gözəlləşməsində əziyyət çəkən  hər kəsə təşəkkür edirəm. Binamızın sakinləri bu gözəlliyi qoruyub saxlamağı bacarsınlar ki, abad həyətimiz uzunömürlü olsun. Həyətimizin abadlaşması üçün çəkilən əziyyəti qiymətləndirmək biz sakinlərin borcudur.”

Böyüklər oturmağa, uşaqlar oynamağa yer tapa bilmirdi…

Sakin Həsən Həsənov da sevincini bizimlə bölüşdü: “1984-cü ildən bu binanın sakiniyəm. Əvvəllər  həyətimizin vəziyyəti çox pis idi. Bir az yağış yağanda hər yer palçıq olurdu. Böyüklər oturmağa, uşaqlar oynamağa yer tapa bilmirdi. Çox sevinirik ki,  abadlaşdırılan həyətlərdən biri də bizimki oldu. Sağ olsunlar ki, bizim həyətimizi diqqətdən kənar qoymadılar. Daha istirahət, əyləncə üçün başqa yerə getməyə  ehtiyac yoxdur.  Mənim qədər nəvələrim də çox sevinclidir. Çünki artıq onlar bu təmiz və gözəl həyətdə  rahat şəkildə müxtəlif oyunlar oynayacaqlar. Yaradılan bu müasir və rahat şəraitdən həm böyüklər, həm də kiçiklər çox razıdır. Sakinlərdən xahişim odur ki, bu cür gözəl şəraiti qoruyub saxlasınlar.”

Baxdıqca insanın ürəyi açılır

İslam Muradov  vurğuladı ki, 1996-cı ildən bu binanın sakinidir: “Həyətimizin əvvəlki vəziyyəti dəhşətli dərəcədə pis idi.  Təmirdən sonra yaranan real vəziyyət isə çox gözəl və səliqəlidir. Baxdıqca insanın ürəyi açılır. Həyətimiz abadlaşdırılarkən çoxlu yeni ağaclar əkilib, yaşıllıq salınıb.  Bu da həm həyəti daha da gözəlləşdirib, həm də məhəllə sakinlərinin sağlamlığına xidmət edir. Sakinlərimiz adından  həyətimizin gözəlləşməsində və yeniləşməsində göstərdikləri diqqətə və  çəkdikləri əziyyətə görə  əməyi keçən hər kəsə  minnətdaram.”

Çox əziyyət çəkirdik, şükürlər olsun ki, artıq abad həyət sakiniyik

Kifayət Qardaşova isə  bildirdi ki, neçə ildir bu binada yaşasam da, həyətlərimizi heç vaxt bu qədər abad, rahat və səliqəli görkəmdə görməmişəm: “Həyətimizin bugünkü görkəmindən çox razıyam, burada çox gözəl işlər görülüb. Əvvəl bura çox bərbad vəziyyətdə, səliqəsiz görkəmdə idi. Uşaqlarımızın oynamağı, sakinlərimizin istirahəti üçün heç bir şərait yox idi. Sakinlər də çox əziyyət çəkirdi. Şükürlər olsun ki, bu gündən artıq mən də abad həyət sakiniyəm. Binamızın  təmiri, yenilənməsi üçün əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Onlara cansağlığı arzulayıram. Sağ olsunlar ki, biz sakinləri, eləcə də övladlarımızın qəlbini sevindirib, üzlərini güldürdülər.”

Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, Xətai rayonu ərazisində abadlaşan və müasir görkəm alan həyətin sakinləri hazırkı vəziyyəti böyük razılıqla qarşılayırlar. Rayon sakinləri görülən işlərə görə ölkə başçısına, Xətai Rayon İcra Hakimiyyətinə öz  dərin minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki,  “Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Sağlam mühit sağlam həyat deməkdir. Elə ona görə də əvvəl bərbad, indi isə abad həyətinin gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq bundan sonra sakinlərin başlıca vəzifəsidir.

Yaqut Ağaşahqızı, “İki sahil”