05 oktyabr 2022 17:05
482

MEK VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur FOTO

Oktyabr ayının 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı  ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi işinə başlayıb. 

“İki sahil” xəbər verir ki,  sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Təmsil olunan müəssisələr arasında AMEA-nın Mərkəzi Elmi Kitabxanası da var. MEK öz stendində dövlətçiliyə, Azərbaycan mədəniyyətinə, tarixinə dair kitablar sərgiləyir. “Böyük qayıdış”, “Zəfərə aparan yol”, “Qarabağ tarixi-mədəni irsimizdən”, “Hər biri qəhrəmandır”, həmçinin MEK-in özünün nəşr etdirdiyi “Qırx dörd günün salnaməsi. Vətən müharibəsi”, "Şuşa İli" çərçivəsində AMEA MEK-in fondlarında olan sənədlər əsasında nəşr olunmuş biblioqrafik göstərici “Şuşa 270”, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Nizami Gəncəvi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş biblioqrafik göstərici” və digər biblioqrafik göstəricilər, eləcə də kitablar yer alır.

Qeyd edək ki, oktyabr ayının 9-dək davam edəcək sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, müxtəlif musiqi nömrələri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.