05 oktyabr 2022 20:17
1504

“Şuşa İli”nin Prezident təqaüdçüləri FOTO

Bu ada layiq görülmək qürurverici və sevindirici hissdir

Dövlət başçısı  İlham Əliyevin 2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında  3 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən, 2022-2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

 “İki sahil”  in əməkdaşı Prezident təqaüdçülərinin bir qrupu ilə həmsöhbət olub, onların təəssüratlarını öyrənib.

Bakıda birinci, respublikada ikinci: Özümə söz vermişdim

Cari tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülən tələbələrdən biri Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Vəfa Qafarzadədir. O, 326 nömrəli məktəbin məzunudur. Qəbul imtahanında 697.3 bal toplayaraq 1-ci qrup üzrə Bakı birincisi, respublika üzrə ikincisi olaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə ali məktəbə daxil olub.

Həmsöhbətimin sözlərinə görə, Prezident təqaüdünü almaq üçün çox çalışıb və  bu ada layiq görüldüyünü eşidəndə hədsiz sevinc hissi keçirib: “3 il əvvəl Prezident təqaüdünə layiq görülmüş şəxsləri görəndə bir gün mənim də adım həmin siyahıda olacaq deyə özümə söz vermişdim. Bu gün də əziyyət və əməklərimin qarşılığını görmək məni bir daha qürurlandırdı. Qazandığım nailiyyətdə müəllimlərimin və valideynlərimin böyük əməyi var. Ali məktəbə qəbul olunmaq üçün ciddi hazırlaşırdım. Əlbəttə ki,  bu yolda çoxlu çətinliklərim oldu, çətinliklər olmasa inkişaf olmaz.  Amma məsuliyyətim və əzmkarlığımın sayəsində sonda istəyimə çatdım.”

Vəfa gələcək illərin qəbul imtahanına hazırlaşan gənclərə uğurlar arzulayaraq bildirdi ki, abituriyentlər hər şeydən öncə nə istədiklərini müəyyənləşdirsinlər: “Əgər  onların istəkləri konkret olsa, çətinlikləri olsa  belə hər zaman yüksək nəticə əldə etmək üçün nə lazımdırsa edəcəklər və etməlidirlər də. Çətinliklərdən heç zaman qaçmasınlar və özlərinə güvənsinlər. Tələbə adını qazanmaq istəyənlər internet resurslarından layiqincə istifadə etsinlər. Hansı ki, hazırlıq dövrümdə bu resurslar mənə də çox kömək olmuşdu.  İmtahana hazırlıq prosesində özünüzlə qürur duyun ki, öz istəkləriniz uğrunda çalışırsınız. Əgər mən bunu bacara bilmişəmsə, siz niyə etməyəsiniz ki?”

Həmsöhbətim gələcəkdə BANM-da təhsilini başa vurduqdan sonra informasiya Təhlükəsizliyi üzrə xaricdə  təhsilini davam etdirmək və ölkəmizə savadlı kadr kimi töhfə vermək istəyir: “Bu ixtisas üzrə hazırkı dövrdə tələbat çoxdur və özümü daim inkişaf elətdirmək ən vacib məqsədimdir.”

Uğurun sirri çox çalışmaq və vaxtı düzgün bölməkdir

Prezident təqaüdünə layiq görülən tələbələrdən biri Bakı Ali Neft Məktəbinin tələbəsi Fuad Qurbanovdur. O, 2005-ci il fevralın 12-də Bakı şəhərində anadan olub. 2022-ci ildə Bakı şəhəri Nəsimi rayonu 111 nömrəli tam orta məktəbi qızıl medal və xüsusi nümunəli attestatla bitirib. Builki qəbul imtahanlarında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.

Prezident təqaüdünə layiq görülməsinin sevincini “İki sahil”lə bölüşən  Fuad Qurbanov qeyd etdi ki, topladığım bala görə Prezident təqaüdçüsü olacağıma əmin idim. Bu ada layiq görüldüyüm üçün çox sevindim və qürurlandım: “İlk olaraq dövlət başçımıza həm özümün, həm də ailəmiz adından minnətdarlığımı bildirirəm.  Uğurumun sirri çox çalışmaq və vaxtı düzgün bölməkdir. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, daim ruh yüksəkliyində olmaq lazımdır, uğursuzluqları pis bir şey kimi yox, yeni şeylər öyrənmək imkanı və motivasiya kimi görmək lazımdır. Həm də deməliyəm ki, çox çalışmaq lazımdır və bu proses planlı olmalıdır. Məsələn, bu gün 5 saat, sabah 1 saat oxumaq yerinə hər gün 2,5-3 saat oxumaq daha effektivdir.”

 Fuadın gələcəklə bağlı planları isə belədir: “Universiteti bitirdikdən sonra xaricdə magistratura təhsili almağı düşünürəm. Hətta mümkün olsa doktorantura dərəcəsi üzrə təhsil almaq yaxşı olardı. Daha sonra isə ixtisasım üzrə çalışmaq istəyirəm.  Dövlət başçımızın ali etimadını doğrultmaq üçün bundan sonra da var gücümlə çalışacağam. Gələcəyin ixtisaslı kadrları, peşəkarları sırasında yer alacağam.”

Mühüm olan çox çalışmaq deyil, faydalı çalışmaqdır

Prezident təqaüdünə layiq görülənlər arasında  Bakı Ali Neft Məktəbinin tələbəsi Ziya Məlikov da var. O,  2004-cü ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini həmin şəhərdəki 23 nömrəli məktəbdə alıb, 5-ci sinifdən etibarən Təbiət elmləri təmayüllü gimnaziyada oxuyub. Builki qəbul imtahanlarında 692,3 bal toplayaraq Sumqayıt şəhəri üzrə ən yüksək nəticəni göstərərək Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.

Ziya Məlikov bildirdi ki, qəbul imtahanının nəticəsi açıqlanandan sonra Prezident təqaüdçüsü olacağımı gözləyirdim: “Rəsmi qərar açıqlananda sevinc hissi keçirdim. Uğurumun sirrini çox çalışmağım, daha doğrusu faydalı çalışmağım və məsuliyyətli olmağımla əlaqələndirirəm. Çətinlik çəkdiyim mövzular üzərində çox işləməyim imtahanda belə sualların öhdəsindən gəlməkdə mənə çox kömək oldu. Mühüm olan çox çalışmaq deyil, faydalı çalışmaqdır.”

 Həmsöhbətim  tələbə adını qazanmaq istəyənlərə  tövsiyəsi bu oldu ki, daha ağır, öhdəsindən gəlməkdə çətinlik çəkdikləri mövzular üzərində işləsinlər. Əlavə olaraq, keçilən dərslərə məsuliyyətlə yanaşmaları onlara tələbə adını qazanmaqda əhəmiyyətli dərəcədə kömək edəcək.

Ziyanın gələcək hədəfləri isə belədir: “Başlıca hədəfim təhsilimi yüksək səviyyədə davam etdirib, öz sahəm üzrə yüksəkixtisaslı mütəxəssis olmaqdır. Harada təhsil almağımdan asılı olmayaraq Vətənimdə işləyib, onun inkişafı naminə əlimdən gələni etməyə çalışacağam.”

Konkret bir hədəfim var idi və ona da nail olmaq istəyirdim

Prezident təqaüdçüləri sırasında  Bakı Ali Neft Məktəbinin tələbəsi Aysel Abasova da yer alır. O, 24 nömrəli tam orta məktəbi bitirib. Qəbul imtahanından 682,5 bal toplayaraq ikinci qrup üzrə birincilik qazanıb. O, Bakı Ali Neft Məktəbinin Biznes idarəetmə ixtisası üzrə təhsil alır.

Aysel Abasovanın sözlərinə görə, ölkə başçısının  Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmək insana qürurverici və əvəzolunmaz hisslər yaşadır: “Qəbul imtahanlarına nizamla və məsuliyyətlə hazırlaşırdım. Konkret bir hədəfim var idi və ona da nail olmaq istəyirdim. Növbəti gün nələr edəcəyimi  bir gün əvvəldən planlayırdım. Uğur hekayəmin əsasında məhz bu amillər dayanır. Mənə dəstək olan və inanan valideynlərimə, müəllimlərimə və dostlarıma təşəkkür edirəm.”

Həmsöhbətimin tələbə adını qazanmaq istəyənlərə tövsiyəsi belə oldu: “İlk olaraq nə istədiklərini müəyyənləşdirsinlər və ona əsasən özlərinə hədəf seçsinlər. Hər gün nizamlı şəkildə dərsləri ilə məşğul olsunlar. Vaxtlarını  düzgün bölsünlər və istirahət etməyi unutmasınlar.”

Aysel  gələcəkdə  xaricdə təhsil almaq istəyir.  İxtisası üzrə peşəkar olduqdan sonra ölkəmizi  xaricdə təmsil etməyi planlayır.

Çox oxumaqdansa, diqqətli oxumaq lazımdır

Prezident təqaüdçülərindən olanlardan biri də  681 balla Bakı Dövlət Universitetinin  Hüquq fakültəsinə qəbul olunmuş Murad Əsgərovdur. Onun sözlərinə görə, qəbul imtahanında göstərdiyi nəticəyə görə ölkə üçüncüsü olduğundan Prezident təqaüdçüsü olacağını bilirdi.

Murad tələbə adını qazanmaq istəyənlərə tövsiyə etdi ki,  vaxtında dərs oxumaq lazımdır. Ən əsası da çox oxumaqdansa, diqqətli oxumaq lazımdır.  Mümkündürsə, müəllimlərin verdiyi tapşırıqlardan əlavə test və ya tapşırıq işləməyə çalışsınlar.

Dövlət başçımızın Sərəncamında adımı görəndə anladım ki, çəkilən əziyyət yerdə qalmır

Qəbul imtahanında 659.1 bal toplayaq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunan Xədicə Abuşova da Prezident təqaüdçüsüdür. Onun sözlərinə görə, Prezident təqaüdçüsü olacağı xəbərini gözləyirdi: “Dövlət başçımızın Sərəncamında adımı görmək məni çox sevindirdi. Həmin an daha yaxşı anladım ki, çəkilən əziyyət yerdə qalmır. Prezidentimizə gənclərimizə, tələbələrimizə, eləcə də mənə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.”  

Xədicə tələbə olmaq istəyənlərə tövsiyə edir ki, xəyalları, məqsədləri üçün əllərindən gələni etsinlər. Bəzən olur, insan özünü çox yorğun hiss edir amma  abituriyentlər bilməlidirlər ki , bunlar keçicidir və abituriyentlər unutmasınlar ki, əziyyətlərinin qarşılığını ən yaxşı şəkildə alacaqlar.

Müsahibim universiteti uğurla başa vurduqdan sonra təhsilini xaricdə davam etdirmək istəyir: “Zənnimcə, bununla ölkəm üçün daha faydalı kadr kimi yetişə bilərəm.”

Diqqətimi yayındıran şeylərdən uzaqlaşmışdım

Prezident təqaüdçüləri sırasında 666.3 balla Azərbaycan Dövlət   İqtisad Universitetinin  Maliyyə və mühasibat fakültəsinə  qəbul olunan Nurlan Rəcəbov da var.

Müsahibim vurğuladı ki, Prezident təqaüdünə layiq görüləcəyimi güman edirdim. Bu ada layiq görüldüyüm üçün çox xoşbəxtəm: “Qarşıma məqsəd qoymuşdum ki, yüksək bal toplayacağam. Gündəlik dərslərimi oxuyurdum və mütəmadi surətdə bu dərsləri təkrarlayırdım. Ən əsas da diqqətimi yayındıran şeylərdən uzaqlaşmağımdır(TV,sosial şəbəkələr,oyunlar və s.) Tələbə adını qazanmaq istəyənlər gələcəkdə hansı peşəyə yiyələnəcəklərini, cəmiyyətdə hansı mövqedə olacaqlarını dərk etsinlər və bunun üçün çalışsınlar.”

Nurlanın sözlərinə görə, gələcəkdə universiteti  yüksək nəticələrlə bitirib təhsilini xarici universitetlərdə davam etdirmək və ölkəyə qayıdıb öz sahəsi üzrə çalışmağı hədəfləməkdir.

Məqsədim dəqiq idi: Nə olursa , olsun mən həkim xalatını geyinəcəyəm

Prezident təqaüdçülərindən olan Esmanur Məmməd söhbətimiz zamanı diqqətə çatdırdı ki, bu , mənim ikinci ildə əldə etdiyim uğurdur: “İlk dəfə qəbul imtahanından 569.3 bal topladığıma  görə istədiyim ixtisasa qəbul ola bilmədim. Bu il isə 678.3 balla Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olundum. İkinci dəfə qəbul imtahanından yüksək bal toplayacağıma inanırdım, amma Prezident təqaüdçüsü olacağımı gözləmirdim.  Valideynlərim də, müəllimlərim də, özüm də çox sevindim. Uğurumun sirri əzmim və tibb sahəsinə olan sevgimdən qaynaqlanır. Məqsədim və hədəfim dəqiq idi: Nə olursa , olsun mən həkim xalatını geyinəcəyəm. Təkcə universitetə daxil olmaqla kifayətlənmirəm, vicdanlı həkim olmaq üçün var qüvvəmlə çalışacağam. Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Kardiocərrah olmağı arzulayıram.”

Müsahibimin abituriyent olmaq istəyənlərə özünəməxsus tövsiyələri oldu: “Kar qurbağa” olmağı öyrənməlidirlər. Yəni, ətrafda baş verən hadisələrə çox da ilişib qalmamaq,  hər şeyə reaksiya verməməkdir. Kənar hər hansı mövzu maraqlı olmamalıdır. Yuxu rejiminə önəm vermək lazımdır.”

Əziz tələbələr, bir daha sizi bu yüksək dəyərə layiq görülməyiniz münasibətilə təbrik edirik. Sizin timsalınızda bütün tələbələrə bundan sonrakı təhsil pillələrində uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı, “İki sahil”