Oktyabrın 5-də Ağdaş rayonunun Xosrov kəndində Vətən müharibəsi şəhidi Vəliyev Sadiq Ayaz oğlunun şəhadətinin ikinci ildönümü ilə bağlı mərasimlər keçirilmişdir.
“İki sahil” xəbər verir ki, Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin əməkdaşları şəhidin ailəsinin yaşadığı evdə olmuş, şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, valideyinlərinə başsağlığı verilmişdir.
Sonra Xosrov kənd şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər bulağı kompleksinin önündə anım tədbiri keçirilmişdir. Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının fəallarının, Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, müharibə iştirakçılarının, Xosrov kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi ilə başlamış, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsindən, bu döyüşlərdə şəhid olan ağdaşlılardan, onların keçdiyi döyüş yolundan söhbət açmış, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini bildirmişlər. Xosrov kənd tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.
Daha sonra Xosrov kənd qəbiristanlığında Sadiq Vəliyevin məzarı ziyarət olunmuş, üzərinə tər güllər düzülmüş, ruhuna dualar oxunmuşdur.
Vəliyev Sadiq Ayaz oğlu 21 fevral 2001-ci ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuşdur. Xüsusi təyinatlı hərbçimiz Sadiq Vəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 5-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır