06 oktyabr 2022 15:54
890

Xətai rayonunda şəhid kapitan Həmid Cəfərlinin xatirəsi ehtiramla anılıb FOTO

Xətai rayonunda qəhrəman döyüşçümüz, kapitan Həmid Cəfərlinin şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Müdafiə Nazirliyinin nümayəndəsi Namiq Cavadov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri, şəhidin dayısı Elmar Hüseynov, hüquq-mühafizə orqanlarının təmsilçiləri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını vurgulayaraq bildirib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaq. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında şərəfli vəzifəsini layiqincə yerinə yetirdi.

Qəhrəman zabitin məzarı önündə onun keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu barədə çıxışlar edilib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, şəhid ailəsinə başsağlığı verib və Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə şəhid ailələrinə daim diqqət ayırdığına görə veteranlar adından minnətdarlıq edib. Bildirib ki, şəhidlərimiz unudulmamalıdır. Bu gün insanların şəhidlərin xatirəsinə ehtiramlarını, həssas münasibətlərini görürük. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.

Allah şəhidlərimizə rəhmət eləsin!