“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi yeni layihənin icrasını davam etdirir
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci ilin kiçik qrant müsabiqəsinin qalibi “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) sentyabrın 1-dən etibarən “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” adlı yeni layihənin icrasına başlayıb.
Bu barədə sözügedən layihə çərçivəsində oktyabrın 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilən təlim-seminarda məlumat verilib.

Tədbiri layihə rəhbəri, CASCFEN-in sədri Nadir Azəri giriş sözü ilə açaraq yaradılan şəraitə, QHT-lərə göstərilən diqqət və qayğıya görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə təşəkkür edib.
Bu gün Azərbaycanda QHT-lərin inkişafına dövlət tərəfindən hərtərəfli kömək göstərildiyini vurğulayan layihə rəhbəri qeyd edib ki, onların fəallığının artırılması, o cümlədən ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir: “Heç şübhəsiz ki, biz QHT təmsilçiləri olaraq yaradılan şəraitdən səmərəli istifadə etməli, dövlətin ayırdığı müvafiq qrantlar çərçivəsində həmin layihələri uğurla reallaşdırmalıyıq. Yəni aktual məsələlərin həllinə yardım etmək bizim üçün prioritet olmalıdır.”
N.Azəri bildirib ki, məhz bu prizmadan yanaşaraq biz də ümumilikdə cəmiyyət üçün aktual olan QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərməyə çalışırıq.
Sonra layihə rəhbərinin köməkçisi, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, QHT-lərin bəlli bir qismi uğurlu və səmərəli fəaliyyəti ilə seçilir: Amma təəssüflər olsun ki, biz əksər hallarda nəinki layihələrin icrasının, ümumilikdə QHT-lərin böyük əksəriyyətinin mətbuatda lazımi şəkildə işıqlandırılmamasının şahidi oluruq. Bunun əsas səbəbi isə bir çox QHT-lərin mətbuatla, o cümlədən sosial media sahəsində işlərini düzgün qurmamaları ilə bağlıdır. Odur ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində olduqca aktualdır.”
S.Verdizadə qeyd edib ki, “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədə QHT-lərin mətbuatla işinin düzgün qurulması, həmçinin sosial media fəaliyyətlərinin doğru istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır: “Layihə çərçivəsində iki təlim-seminarın keçirilməsi, bununla bağlı mediada və sosial şəbəkələrdə, o cümlədən təşkilatın öz saytında məlumatların yerləşdirilməsi nəzərdə tutulub.”
Çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu belə bir tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduğunu deyib. CASCFEN-in yaranma tarixinə qısa ekskurs edən BAMF rəhbəri təşkilatın ötən müddətdə yaddaqalan fəaliyyət sərgilədiyini deyib: “Ümid edirəm ki, CASCFEN-in reallaşdırdığı bu layihə də bütövlükdə cəmiyyətimiz üçün xeyirli olacaq.”
Sonra Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı məsələsinin günümüzdə aktual olduğunu deyib. QHT-lərə informasiya dəstəyinin vacib olduğunu söyləyən V.İskəndərov bildirib ki, bu təşkilatlar öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, dövlət və xalq üçün vacib olan məsələlərin həllində üzərilərinə düşən işləri layiqincə icra etməlidirlər: “Bu baxımdan artıq bir neçə ildir fəaliyyətini izlədiyim, tədbirlərində iştlrak etdiyim CASCFEN-i xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, təşkilat bundan öncəki layihələr kimi bu layihəni də uğurla başa çatdıracaq.”
Təşkilatın qurucusu, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət isə çıxışına CASCFEN-in gələn il yaranmasının 20-ci ildönümü olacağını xatırlatmaqla başlayıb: “CASCFEN 2003-cü ilin 18-20 mart tarixində Novruz bayramı günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib.”
O, qeyd edib ki, ötən müddətdə CASCFEN istər beynəlxalq təşkilatlarla əməkdaşlıq, istər türk dünyası və Güney Qafqaz regionu, istərsə də ölkə daxilində öz fəaliyyəti ilə seçilib. Təşkilatın hazırda reallaşdırdığı layihəyə gəlincə A.Həsrət, əslində, CASCFEN-in buna bənzər bir sıra layihələr reallaşdırdığını deyib: “Əminəm ki, digərləri kimi, bu layihə də uğurla tamamlanacaq. Onu da deyim ki, istər layihə çərçivəsində, istərsə də ümumilikdə həm CASCFEN-ə, həm də QHT-lərə lazımi dəstəyi verməyə, bu sahədə öz təcrübəmi bölüşməyə hazıram.”
Çıxışlardan sonra layihənin təlimçiləri - Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova və Sevda Əsgərova müvafiq olaraq “Biz harada və niyə gecikirik” və “QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı üçün nələri etməliyik” mövzularında təqdimatlarla çıxış edərək təlim iştirkaçılarını mövcud vəziyyət barədə məlumatlandırdılar.
Cavid Əkbərov, “İki sahil”
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır