08 oktyabr 2022 15:06
464

Sabunçuda hərbi sursat aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən "İki sahil"ə verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.