10 oktyabr 2022 15:00
576

Ağdaşda iki şəhidin xatirəsi ildönümlərində anılıb - FOTO

Oktyabrın 9 və 10-da Ağdaş şəhərində 44 günlük Vətən müharibəsində şəhid olmuş İsmiyev Emil Elman oğlunun və rayonun  Tatlar kəndində Nəbiyev Yusif Elton oğlunun ikinci ildönümü ilə bağlı mərasimlər keçirilmişdir.

“İki sahil” xəbər verir ki, mərasimlərdə Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov və əməkdaşları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış,  ruhlarına dualar oxunmuş valideyinlərinə başsağlığı verilmişdir.

Həmçinin Ağalı və Aşağı Zeynəddin qəbiristanlıqlarında da  anım tədbirləri keçirilmişdir. Tədbirlər Dövlət Himninin səslənməsi ilə başlamış, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, məzarları ziyarət olunmuş, üzərinə tər güllər düzülmüş, ruhlarına dualar oxunmuşdur. Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsindən, bu döyüşlərdə şəhid olan ağdaşlılardan, onların keçdiyi  döyüş yolundan söhbət açmış, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini bildirmişlər. Şəhidlərimizin təhsil aldığı və məzun olduqları Nizami adına şəhər və Zeynəddin kənd tam orta məktəblərinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.

İsmiyev Emil Elman oğlu  7 avqust 2001-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Emil İsmiyev Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 9-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”  və  “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Nəbiyev Yusif Elton oğlu 27 may 2002-ci il tarixdə Ağdaş rayonunun Tatlar kəndində anadan olmuşdur. Yusif Nəbiyev  Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 10-da Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Aşağı Zeynəddin kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” və  “Hərbi xidmətlərə görə”  medalları ilə təltif olunmuşdur.