11 oktyabr 2022 17:08
727

Ağdaşda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilib - FOTO

Oktyabrın 11-də Ağdaş rayonunun Ərəbocağı kəndində Vətən müharibəsi şəhidi İdrisov Xəyal İbrahim oğlunun şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü münasibətilə  mərasimlər  keçirilmişdir.

“İki sahil” xəbər verir ki, əvvəlcə YAP Ağdaş rayon təşkilatının fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhidin xidmət etdiyi hərbi hissənin nümayəndələri şəhidin ailəsini ziyarət etmiş, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış,  ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Ərəbocağı kəndinin şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər bulağının önündə davam edən anım mərasimi Dövlət Himninin səslənməsi ilə başlamış, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhlarına dualar oxunmuşdur. Şəhidin məzun olduğu Ərəbocağı kənd tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.

İdrisov Xəyal İbrahim oğlu 24 fevral 2000-ci il tarixdə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən cavuş  Xəyal İdrisov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş, oktyabrın 11-də  Ərəbocağı kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”  və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.