12 oktyabr 2022 16:21
654

Kürdəmirdə Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb - FOTO

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ayaz  Cəbrayılov,  Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov, YAP  rayon  təşkilatının əməkdaşları Vətən  müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına Şəhid olmuş Məmmədov Fərid Eyvaz oğlunun doğum günü ilə əlaqədar Şahsevən kənd qəbiristanlığında  şəhidin məzarını  ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və  xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunmuşdur.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri  Ayaz Cəbrayılov bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü  qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun  gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.

Tədbirdə çıxış edənlər  Şəhid Məmmədov Fərid Eyvaz   oğlunun  keçdiyi   şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən  söhbət açmışlar.

Daha sonra tədbir iştirakçıları  şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, şəhid Məmmədov Fərid Eyvaz oğlu 12 oktyabr   2000- ci ildə Kürdəmir rayonunun Şıxımlı  kəndində anadan olub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi,  şəxsi igidlik   və şücaət  nümayiş etdirdiyi  üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə “ Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” və   “Laçının azad olunmasına görə “ medalları ilə təltif olunub.