İtaliyanın aparıcı kütləvi informasiya vasitələrində noyabrın 24-26-da “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransa dair məlumatlar dərc edilib.
Məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən konfransda iştirak etdiyi və tədbir iştirakçılarının suallarını cavablandırdığı qeyd olunub.
Yazılarda Prezident İlham Əliyevin konfrans zamanı Azərbaycan-İtaliya münasibətlərindən danışdığı, cari ilin sentyabrında “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində təşkil olunan “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakını xatırlatdığı bildirilib. Dövlətimizin başçısının həmin mötəbər auditoriya qarşısında çıxış üçün dəvətə görə təşəkkür etdiyi, konfransın həm ikitərəfli, həm də beynəlxalq gündəliyə dair məsələlərin müzakirəsi üçün səmərəli platforma olduğunu dediyi qeyd olunub.
Məlumatlarda Prezident İlham Əliyevin İtaliyanın Azərbaycan ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayan Avropa İttifaqına üzv 9 ölkədən biri olduğunu bildirdiyi diqqətə çatdırılıb. Həmçinin İtaliyaya sonuncu səfəri zamanı Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının və Mədəniyyət Mərkəzinin açılışında iştirak etdiyini xatırlanıb. Bu münasibətlə keçirilən mərasimdə İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinin həyata keçirildiyini qeyd etdiyi bildirilib. Eyni zamanda, Azərbaycan Prezidentinin konfransda bir neçə gün əvvəl iki ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon danışığına istinad edərək Azərbaycan ilə İtaliyanın uğurlu əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdiyi vurğulanıb.
Yazılarda konfrans zamanı enerji təchizatı məsələsinə toxunan Prezident İlham Əliyevin TAP boru kəmərinin İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını bildirdiyi, qaz ixracı həcminin artırılması üçün TAP-ın imkanlarının genişləndirilməsinin vacibliyini vurğuladığı qeyd olunub. Həmçinin bu ilin iyulunda Prezident İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında imzalanan Anlaşma Memorandumunda Azərbaycandan təkcə qaz təchizatı məsələsi deyil, elektrik enerjisi və “yaşıl hidrogen” daxil olmaqla, hidrogen təchizatının da öz əksini tapdığını bildirdiyi ifadə olunub. Dövlətimizin başçısının İtaliya ilə ikitərəfli münasibətlərin əla səviyyədə olduğunu qeyd etdiyi, Azərbaycanın öz öhdəliklərinə sadiq olduğunu və İtaliyanın yeni hökuməti ilə də bu strateji əməkdaşlığı davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladığı bildirilib.
AZƏRTAC