29 noyabr 2022 12:25
659

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC tərəfindən yubiley tədbirləri keçiriləcək - FOTO

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan  edilməsi ilə əlaqədar “Azərsu” ASC tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə “Azərsu” ASC-də Komissiya  yaradılıb və Tədbirlər Planı təsdiq edilib.

“İki sahil” xəbər verir ki, tədbirlər Planına uyğun olaraq 2023-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsi, Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətlərindən bəhs edən filmin, məqalələrin, xüsusi bülletenin hazırlanması nəzərdə tutulur. Yubileylə əlaqədar  media nümayəndələrinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunacaq. Eyni zamanda “Azərsu” ASC-də idman spartakiadası, qanvermə və ağacəkmə aksiyaları keçiriləcək.

Tədbirlər Planının icrası ilə əlaqədar Komissiya üzvlərinə, aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycanda su təsərrüfatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sisteminin yaradılması, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin 3-cü növbəsinin inşası, Bakının “Böyük kanalizasiya” layihəsinin hazırlanması və həyata keçirilməsi, respublikanın rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir.