05 dekabr 2022 19:56
640

Həştərxan vilayətinin Nərimanov şəhərində Müslüm Maqomayevin büstünün açılışı olub FOTO

Bu gün Həştərxan  vilayətinin Nərimanov şəhərində görkəmli xanəndə və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin büstünün təntənəli  açılışı olub. Mərasimdə vilayət  rəhbərliyinin, bələdiyyənin, ictimaiyyətin nümayəndələri, şəhər  sakinləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  Nərimanov şəhərinin mərkəzi parkında görkəmli sənətkarın  ağ mərmərdən  abidəsinin  qoyulması qərarını qubernator İqor Babuşkin qəbul edib. Büst Həştərxan şəhərinə "Azərbaycan Sosial- İqtisadi və Mədəni Əməkdaşlığa Yardım Mərkəzi" regional ictimai təşkilatı tərəfindən hədiyyə edilib.

Mərasimdə çıxış edənlər  bildiriblər   ki,  Azərbaycan Həştərxan vilayəti üçün Xəzər regionunda əsas tərəfdaşlardan biridir. Azərbaycanla təkcə iqtisadi  deyil, həm də humanitar sahədə: təhsil, tibb, mədəniyyət və idman sahələrində əlaqələr inkişaf etdirilir. Həştərxan vilayətinin Nərimanov şəhəri  ilə Bakı şəhərinin Nərimanov rayonu isə qardaşlaşmış şəhərlərdir.  Müslüm Maqomayevin  büstünün açılışı Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir.