31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində "Azərsu” ASC-nin Sosial inkişaf şöbəsinin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş işçilərin ailə üzvlərini, döyüşlərdə xüsusi fədakarlıq göstərərək yaralanmış, ailə üzvü şəhid olmuş və yaralanmış işçilərin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb, bayram sovqatı təqdim ediblər.
“İki sahil” xəbər verir ki, şəhid ailələrinin üzvləri və yaralılarla görüş zamanı xalqımızın vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyduğu xüsusi qeyd olunub. Prezident İlham Əliyevin şəhid ailələrinə və yaralılara göstərdiyi diqqət və qayğının hər bir azərbaycanlı üçün örnək olduğu vurğulanıb.
Bayram ərəfəsində “Azərsu” ASC-nin aztəmiantlı işçilərinə də bayram sovqatı verilib.
Qeyd edək ki, Vətən müharibəsində “Azərsu” ASC-nin 3 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 23 əməkdaşı isə yaralanıb. Eyni zamanda Səhmdar Cəmiyyətdə çalışan 21 işçinin ailə üzvü şəhid olub, 45 nəfərin isə ailə üzvü yaralanıb.