Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən həyata keçirilen "Biliyini paylaş” layihəsinin məqsədi ümum təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsindən ibarətdir. Yəni, layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqinin digər müəllimlər arasında yayılmasına nail olmaqdır. Layihə 6 dekabr 2022-ci il tarixindən başlayaraq 30 dekabr 2022-ci il tarixinədək davam etmişdir.
“İki sahil” xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin hazırladığı sorğu əsasında Suraxanı rayonu Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin məktəbəhazırlıq sinfinin ibtidai sinif müəllimi Aytən Fikrət qızı Balazairova mentor seçilərək öz innovativ metod və təcrübələri yaratdığı komanda üzvləri ilə 3 mərhələdə həyata keçirmişdi.
1-ci mərhələdə komandanı yaratdıqdan sonra "Təlimdə layihə əsaslı və oyun əsaslı öyrənmənin əhəmiyyəti" mövzusunda innovativ və öyrədici seminarlar təşkil edildi. Seminarlar layihə və oyun əsaslı öyrənmənin dərs prosesində tətbiqi, istifadə olunan üsul və vasitələr, şagirdlərin nitq, ünsiyyət, dinləmə qabiliyyətinin, tədqiqatçılıq və yaradıcı yanaşma bacarığının inkişaf etdirilməsi, layihə əsaslı tədris zamanı xüsusi istedadı və bacarığı ilə fərqlənən şagirdlərin üzə çıxarılması istiqamətləri üzrə hayata keçirildi.
2-ci fəaliyyətdə komanda üzvləri mentorun dərslərində iştirak edərək yeni təcrübələr topladılar.
3-cü mərhələdə isə mentor komanda üzvlərinin dərslərində iştirak edərək müəllimlərə tövsiyələrini verib dəstək göstərdi.Qarşılıqlı öyrənmə ilə mənimsənən bilik və bacarıqların tətbiqi əsasında əldə olunan nəticələr təlim prosesinin inkişafına xidmət etməkdən ibarətdir. Bütün fəaliyyətlər Bakı şəhəri üzrə Təhsil İdarəsinin,101 nömrəli məktəbin internet saytında və səhifələrində öz əksini tapmışdır.