Məktəb millətin müdriklik ocağı, xalqın mənəvi beşiyidir. Bu gün fəaliyyəti ilə yolumuza işıq tutan təhsil ocaqlarından biri olan Xətai rayonundakı 27 nömrəli tam orta məktəbdəyik. 1959-cu ildən fəaliyyətdə olan məktəbin uğur hekayəsini vərəqləyərək onun təhsil sahəsindəki nailiyyətlərindən, hansı uğurlara imza atmasından, burada təlim və tədrisin necə təşkil olunmasından bəhs edəcəyik.

Hər bir ümumi təhsil müəssisəsi özünün ənənələri, təhsildə və təlimdə əldə etdiyi nailiyyətləri ilə iz qoymalıdır. Məktəbə xas olan ənənələr daim qorunmalı, nəsildən-nəslə ötürülməlidir. Həmçinin ümumi təhsil müəssisəsində qazanılan uğurlar davamlı olmalı, inkişafa istiqamətlənmiş tədbirlər həyata keçirilməlidir. Bu baxımdan Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəb özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, məktəb təlim və tərbiyədə qazandığı uğurlara görə paytaxtda nümunəvi təhsil müəssisələrindən biri sayılır.
2021-2022-ci tədris ilində məktəbimizin uğurları çox oldu

27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova vurğuladı ki, hazırda məktəbdə 2259 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 121 nəfər müəllim məşğul olur: “2021-2022-ci tədris ilində məktəbimizin uğurları çox oldu. Ötən il ali məktəblərə keçirilən qəbul imtahanlarında uğur qazanan məzunlarımızdan 12-si 500-dən, 6 nəfəri isə 600-dən yuxarı bal topladı. Məzunlarımızdan biri gümüş medalla məktəbimizi bitirdi. Onlar istər Azərbaycan universitetlərində, istərsə də ölkəmizdən kənardakı ali təhsil müəssisələrində təhsil alırlar. Şagirdlərimiz uğurlu nəticə göstərərək Beynəlxalq Fənn Müsabiqəsinin, Respublika Fənn Olimpiadasının qalibləri oldular. Eyni zamanda, keçən tədris ilində müəllimlərimizdən cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan, “Qabaqcıl təhsil işçisi” döş nişanına, Fəxri fərmana layiq görülən müəllimlərimiz oldu.”
Könül Həsənova qeyd etdi ki, biz 2022-2023-cü tədris ilində də bir neçə uğura imza atmışıq:“Bu tədris ilində məktəbimizin XI sinif şagirdi Rza Qasımov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkil etdiyi “Qarabağı tanıt” videotəqdimat müsabiqəsində birinci yerin qalibi oldu. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən “Hekayəni paylaş”( “Share your story”) adlı növbəti layihə şagirdlərimizin ingilis dilində özünüifadə bacarığının, danışıq səriştəsinin formalaşdırılmasında böyük əhəmiyyət kəsb etdi. Bu layihədə səkkinci sinif şagirdlərimiz müvəffəqiyyətlə iştirak etdilər. XI sinif şagirdimiz Qarabağ mövzusunda inşa müsabiqəsinin qalibi oldu. Səkkizinci sinif şagirdlərimiz Rüfət və Rüstəm Bəşirov qardaşlarının "Qızıl toxum" I Uşaq filmləri və media festivalında təqdim etdikləri "Vətənim" layihəsi festivalın ən yüksək mükafatına - Qran Priyə layiq görüldü. “Zəfər” məktəblilərarası birinci tarix olimpiadasının ilk turundan keçmiş 509 nəfər şagird arasında olimpiadanın ikinci ( şəhər) mərhələsinə vəsiqə qazanan şagirdimiz Rüfət Bəşirov fəal iştirakçı sertifikatına layiq görüldü. Bu tədris ilində şagirdlərimizdən 7-si Respublika Fənn Olimpiadalarında uğurlu nəticə göstərərək finala vəsiqə əldə ediblər. Məktəbimizin gənc riyaziyatçıları Bakı məktəbliləri arasında keçirilən AMO (American Mathematics Olympic) riyaziyyat olimpiadasında iştirak edərək uğur qazanıblar. Onlardan XI sinif şagirdləri İbrahim Aslanlı gümüş, Kərəm Abışov bürünc, beşinci sinif şagirdi Babək Əsgərov bürünc medala layiq görülüblər.”
Şagirdlərimizin arasında hətta beynəlxalq yarışların qalibləri də var
Məktəbin direktoru diqqətə çatdırdı ki, şagirdlərimizin arasında hətta beynəlxalq yarışların qalibləri də var: “Altıncı sinif şagirdi Ayan Nəsirova və Nəzrin Nəbizadə OCAQ idman klubunun beynəlxalq turnirində qrup şəklində çıxışda 2-ci, tək çıxışda isə 1-ci yerə layiq görülmüşlər. Beşinci sinif şagirdi Aliyə Əliverdiyeva Azərbaycan Respublikası Kyokushinkaykan Karate Federasiyasının XXVIII Respublika çempionatında yüksək nəticə göstərərək birinci yerə layiq görülüblər.”
Həmsöhbətimiz əlavə etdi ki, məktəbimiz təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "Daha az stress yaşayaraq, daha yaxşı öyrənin"- riyaziyyatı Briliant.orq-la öyrənək" layihəsi ilə “Məktəb layihələri” kateqoriyası üzrə qalib olub.
Könül Həsənova bildirdi ki, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nəticələr əldə etdiklərinə görə və 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı şəhəri 27 nömrəli tam orta məktəbin müəllimləri- Emil Qaybalıyev "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə, Mehriban Qadaşova və Namiyə Hacıyeva Fəxri fərmanla təltif olunublar.
Bir sözlə, bu təhsil ocağında şagirdlərin yüksək keyfiyyətli təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, şagirdlər ürəkaçan nailiyyətlər əldə ediblər.
Uğurları qazanmağımda müəllimlərimin, valideynlərimin dəstəyi çox böyük rol oynayıb

Məktəbin XI sinif şagirdi Rza Qasımov uğurlarından söz açdı: “Bu illər ərzində tədris ilini əlaçı olaraq başa vurmuşam. Uğurlarımdan ən böyüyü isə BŞTİ-nin təşkil etdiyi “Qarabağı tanıt” videotəqdimat müsabiqəsində birinci yerə layiq görülməyim idi. Hazırda isə “Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim etdiyim layihə ilə artıq birinci mərhələdən keçmişəm. Bütün bu uğurları qazanmağımda mənə müəllimlərimin, valideynlərimi dəstəyi çox böyük rol oynamışdır. İnşallah, gələcəkdə səsim daha da uca zirvələrdən gələr.”
Yaxşı ki, bu məktəbdə oxuyuram

Doqquzuncu sinif şagirdi Məryəm Mahmudlu bildirdi ki, məktəbimdən çox razıyam: Burada oxuduğum illərdə çoxlu uğurlar qazanmışam. Elm və Təhsil Nazirliyinin “Rus evi” ilə birgə həyata keçirdiyi kitabsevərlər müsabiqəsinin qalibi olmuşam. Respublika Fənn Olimpiadasında tarix fənni üzrə iştirak etmişəm və yarımfinala vəsiqə qazanmışam. Bu uğurlar üçün məni yönləndirən, stimul verən müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Yaxşı ki, bu məktəbdə oxuyuram.”
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə keçirilən yarışmalarda qalib olmuşam

Onuncu sinif şagirdi Elnur Məmmədli qeyd etdi ki, burada oxuduğum illər ərzində bir sıra uğurlarım olmuşdu : “Rəqəmsal bacarıqlar” layihəsi üzrə keçirilən yarışmalarda qalib olmuşam. “Microsoft” tərəfindən keçirilən “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda komanda şəklində iştirak edərək ikinci yerə layiq görülmüşük. Qazaxıstanın Almatı şəhərində məktəblilər arasında “IT Stars 2021” II Beynəlxalq gənclər festivalında üçüncü yeri tutmuşam. 2021-ci ildən başlayaraq Respublika fənn olimpiadalarına qatılaraq, bürünc və qızıl medallar qazanmışam. Respublika Fənn Olimpiadasının aşağı yaş qrupu üzrə informatika fənnindən final mərhələsinə vəsiqə qazanmışam. Nailiyyətlərimə görə məktəbimizin direktoruna, müəllimlərinə və valideynlərimə minnətdaram.
Əlbəttə ki, uğura gedən yolda şagirdlərinin yanında olan, pərvanə kimi onların başlarına dolanıb onların yolunu işıqlandıran, peşəsinin vurğunu olan müəllimləri də unutmaq olmaz...
Məktəbimiz şagirdlərə təkcə biliklər vermir, eyni zamanda, onların əsl şəxsiyyət kimi formalaşması üçün düzgün istiqamətləndirir, gələcək həyata hazırlayır

Fəaliyyətindəki nailiyyətləri ilə çalışdığı məktəbin uğurlarına töhfə verən, 27 ildir bu məktəbdə tarix müəllimi işləyən Mehriban Qadaşova ilə həmsöhbət olduq : “Təhsilin qarşısına qoyduğu əsas məqsəd Azərbaycanın milli ənənələrinə uyğun, demokratik prinsiplərə əsaslanan, geniş dünyagörüşünə, nəzəri-praktiki biliklərə malik olan, müasir inkişafa inteqrasiya etməsi bacaran gənclik yetişdirməkdir. Məktəbimiz bu vəzifəni başa düşərək məsuliyyətlə, dövlətin siyasətinə uyğun olaraq öz peşə borcun yerinə yetirir. 27 nömrəli məktəb elə bir elm ocağıdır ki, öz şagirdlərinə təkcə akademik biliklər vermir, eyni zamanda, onların əsl şəxsiyyət kimi formalaşması üçün düzgün istiqamətləndirir, gələcək həyata hazırlayır. Onlarda milli və ümumbəşəri dəyərlər formalaşdırır. Mən fəxr edirəm ki, məhz bu sənəti seçmişəm.”
İnanıram ki, şagirdlərimiz cəmiyyətimizə, dövlətimizə layiqli vətəndaş olacaqlar

Fizika-riyaziyyat, informatika müəllimi Nayimə Hacıyeva bildirdi ki, müəllim olaraq məqsədyönlü və səmərəli fəaliyyətimizlə şagirdlərimizi bacaracaqlarına inandırdığımız üçün artıq ənənəvi olaraq bu cür möhtəşəm uğura imza atırıq: “Bugünkü uğurlarımızın əsasında məhz ibtidaidən qoyulub və sıx şəkildə həmrəy olaraq fəaliyyət göstərən şagird-müəllim-valideyn birliyi dayanır. İnanıram ki, şagirdlərimiz cəmiyyətimizə, dövlətimizə layiqli vətəndaş, daha sonra peşələrinin mütəxəssisi kimi yetişərək dövlətimizə və xalqımıza qürurla xidmət edəcəklər.”
Bir sözlə, 27 nömrəli tam orta məktəbdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirilir. Əminik ki, özünün ənənələri ilə tanınan bu təhsil ocağı bundan sonra da yeni zirvələr fəth edəcək .
Nailiyyətlərinizin axarlı olması diləyi ilə…
Yaqut Ağaşahqızı, “İki sahil”