21 fevral 2023 21:47
479

Daha möhtəşəm zirvələrə doğru! FOTO

YAP Səbail rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə partiyanın yaranması və inkişaf tarixinə bir daha nəzər salındı

Fevralın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr olunan tədbir keçirildi.

Partiyanın İdarə Heyətinin üzvlərinin, rayon rəhbərliyinin, YAP Səbail rayon təşkilatı fəallarının, şəhid ailələri və qazilərin, eləcə də UNEC-in müəllim-tələbə heyətinin iştirak etdikləri tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirildi. Həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra tədbirdə YAP-ın yaranması və inkişaf tarixinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

YAP İdarə Heyətinin üzvü, UNEC-in rektoru Ədalət Muradov tədbiri giriş sözü ilə açaraq partiyanın yaradılmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu qeyd etdi. Rektor regionun ən böyük partiyasının Azərbaycanın uğurlu gələcəyi, inkişafı və dövlətçiliyimizin qorunması naminə 30 ildir ki, uğurla fəaliyyət göstərdiyini bildirdi. O, YAP sıralarında UNEC-in minə yaxın əməkdaşının təmsil olunduğunu, bu sıraların ildən-ilə daha da genişləndiyini diqqətə çatdırdı.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən söz açdı. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək, ölkəmizin inkişafı və formalaşmasında misilsiz rol oynadığını vurğulayan M.Nağıyev partiyanın irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi qərarların dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət etdiyini vurğuladı.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının daha da inkişaf edərək, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirdiyini diqqətə çatdırdı. Vətən müharibəsində əldə olunan parlaq Qələbənin partiyanın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirən A.Rəhimzadə YAP-ın bundan sonra da dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd etdi.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova partiyanın Səbail rayon təşkilatının  yaradılmasının 30 illiyi münasibətilə iştirakçıları təbrik etdi. B.Muradova ulu öndər Heydər Əliyevin qurucusu olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP-ın qazandığı uğurlardan söz açaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına mühüm töhfələr verən partiyanın qısa müddətdə hakim siyasi qüvvəyə çevrildiyini vurğuladı. O, bunun əsasında xalqın Ulu Öndərə sevgisinin və inamının dayandığını bildirdi.

B.Muradova yubiley münasibəti ilə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevi Fəxri Fərmanla təltif etdi.

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vüqar Zeynalov çıxışında ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən söz açdı, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. RİH başçısı Vətən müharibəsində gənclərin böyük şücaət göstərdiyini, bu Zəfərdə onların böyük qüvvə kimi mühüm rol oynadığını vurğuladı.

Tədbirdə, həmçinin şəhid anası Gültəkin Qəmbərova, YAP Səbail rayon təşkilatı ərazi partiya təşkilatının sədri Elvin İmanov çıxış edərək partiyanın nüfuzlu siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırdılar. Natiqlər yubiley münasibəti ilə partiya fəallarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.   

Çıxışlardan sonra YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar təqdim olundu. Həmçinin YAP sıralarına yeni  qəbul olunmuş şəxslərə partiyanın üzvlük vəsiqələri verildi.

Tədbirə bədii hissə ilə yekun vuruldu. Sonda xatirə şəkli çəkdirildi.

Cavid Əkbərov, “İki sahil”