Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı Tədbirlər planının icrası çərçivəsində Sumqayıt şəhərində silsilə tədbirlər keçirilməkdə davam edir. Sumqayıt şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq silsilə ağacəkmə aksiyasına başlayıb. Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.
Son bir ayda aksiya çərçivəsində şəhərin Heydər Əliyev Prospektində, Sülh Prospektində, Heydər Əliyev Parkında, Nəsimi Parkında və Sumqayıt şəhər Bulvarında 3500-dən çox müxtəlif növ ağaclar əkilib.
Martın 11-də Sumqayıt şəhər İcra Hakimiyyəti, YAP Sumqayıt şəhər təşkilatı və “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin Sülh prospektində və Sumqayıt şəhər Bulvarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada 300-dən çox ağac əkilib. Aksiya iştirakçıları tərəfindən əkilmiş ağaclar suvarılmış və onlara aqrotexniki qulluq göstərilmişdir.
Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun Vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, həmçinin dəstəyi ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək!” layihəsi və bu qəbildən olan layihələr ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük töhfədir.