Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının komandanlığında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bayram tədbiri Nümunəvi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə çıxış edənlər Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək onlara xoş bayram arzularını çatdırıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında saxlanılan torpaqlarımızın düşmən tapdağından azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də xalqımızın milli qürurunun təntənəsidir.
Bildirilib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarının alovlanması qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqidir. Xalqımız bu Novruzu tamamilə fərqli şəkildə qeyd edir və işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzı və tarixi əhəmiyyəti vardır.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil müəssisəsinin əməkdaşlarını və kursantları Novruz bayramı münasibətilə təbrik edib. Novruz bayramına dair ənənələr və rəmzlər barədə məlumat verən Akademiya rəisi bildirib ki, xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq bu milli bayramı təntənə ilə qeyd edir. Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir.
B.Salayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən söz açaraq diqqətə çatdırıb ki, baharın gəlişi məhz bu şanlı qələbə sayəsində işğaldan azad edilmiş ərazilərimizdə də böyük təntənə ilə qeyd olunur.
Sonra tədbirin bədii hissəsi Akademiyanın hərbi orkestrinin konsert proqramı ilə təqdim edilib.