21 mart 2023 22:53
498

Laçın-Xankəndi yolu: Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürüb

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəallərın və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!

“İki sahil” xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Bu gün Rusiya sülhməramlı kontingentinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolundan keçiblər. Həmin nəqliyyat vasitələrinin arasında təminat-təchizat, tibbi yardım maşını və minik avtomobilləri var idi.

Qeyd edək ki, aksiya ərazisində humanitar məqsədlərlə istifadə olunan avtomobillərin sərbəst hərəkəti təmin olunur. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.