Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan bu adda ikigünlük beynəlxalq elmi konfrans öz işinə başladı
Mayın 4-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı iki gün davam edəcək beynəlxalq elmi konfransın açılışı oldu. Tədbirdə dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edirlər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirdi ki, konfrans iştirakçılarını multikultural dəyərlərin mərkəzində salamlamaqdan məmnunam. Həyatını və fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin əməlləri daim bizimlədir. Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən söz açan Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası qurulduqdan sonra dövlətin müxtəlif istiqamətlərdə fəaliyyətini müəyyənləşdirdiyini, onlar arasında əlaqələr yaratdığını bildirdi. Qeyd etdi ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Dövləti və xalqı müdafiə etməyə qadir bir ordu yaradıldı. Ulu Öndər dağılmış iqtisadiyyatı dirçəltmək istiqamətində güclü iş apararaq, Azərbaycanın iqtisadi və siyasi istiqamətlərdə aparıcı ölkələrlə bağlılığını təmin etdi.
Anar Nağıyev, həmçinin, Ümummilli Liderin Azərbaycan təhsilini, elmini, mədəniyyətimi yüksəltdiyini, xalqın marağını hər işdə önə çəkdiyini vurğuladı. Bildirdi ki, Ulu Öndər Azərbaycanı mütərəqqi dünya dövlətlərinin sırasına yüksəltmək, inkişaf etmiş ölkələrə inteqrasiya olunmasını təmin etmək üçün tarixi işlər görmüşdü.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qorudu, digər ölkələrlə iqtisadi əlaqələrini möhkəmləndirmək üçün işbirliyi yaratdı, ölkəmizin geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdi. Heydər Əliyev xalqın ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl- Heydər Əliyev məşəli yandırdı.
Rektor bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı, şərəfli və müqəddəs yolu sonradan müstəqil, suveren Azərbaycan dövlətinin Prezidenti kimi uğurla, ardıcıl şəkildə davam etdirdi. Ulu Öndər hər zaman arxasında xalqının dayandığını hiss edib, böyük səbir və həvəs nümayiş etdirərək fəaliyyətini uğurla qurub. Onun uzunmüddətli və genişmiqyaslı fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı həmişə mühüm yer tutub. Təhsilin aktual problemlərini və perspektivliyini incəliklərinə qədər, dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyaları sözün əsl mənasında müasir pedaqoji fikir tariximizin nadir inciləridir.
Anar Nağıyev güclü məntiqə və qibtəolunacaq uzaqgörənliyə əsaslanmış həmin ideyaların həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf proqramına çevrildiyini bildirdi.
Rektor BSU-nun da inkişafının Ulu Öndərin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırdı. Ümummilli Lider istər 1970-ci illərdə, istərsə də sonrakı dövrlərdə bu ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu Öndərin 13 iyun 2000-ci ildə imzaladığı və ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edən Sərəncamı ilə keçmiş M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universitetinin yaradılması ölkəmizin yeni inkişaf dönəmində atılmış mühüm addımlardan biridir. Məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf istiqamətlərinə uyğun olaraq slavyan dilləri, ədəbiyyatı, mədəniyyəti üzrə tədrisin və tədqiqatın təşkili sahəsində regionda yeni aparıcı bir ali təhsil məkanı yarandı.
Anar Nağıyev Azərbaycanın tarixi Zəfərindən də geniş bəhs etdi. Bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Azərbaycan bundan sonra daha da inkişaf edəcək, iqtisadi və siyasi cəhətdən dünyanın ən güclü, qüdrətli, çiçəklənən bir ölkəsinə çevriləcək.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu mühüm konfransa dəvət edildiyi üçün BSU rəhbərliyinə təşəkkür etdi. Vurğuladı ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Azərbaycan xalqının istək və arzusu Prezident tərəfindən gerçəkləşdirildi. Ulu Öndər milli dövlətçiliyimizin xilaskarıdır.
Millət vəkili qeyd etdi ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqın başı üstünü almış bəlalardan millətini qorudu, ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təklükəsindən xilas etməklə milli qurtuluşa nail oldu. Ölkəmiz demokratik, hüquqi, sivil dövlət quruculuğu yolu ilə inamla irəlilədi, vətəndaş birliyi yaradıldı. Ümummilli Lider səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkənin təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməyəcəyini önə çəkərək tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu. Bu saziş Azərbaycana böyük siyasi və iqtisadi dividendtlər gətirdi. Hazırda Azərbaycan bu möhtəşəm strategiyanın real nəticələrini görür, ölkəmiz təkmil sosial-iqtisadi islahatları ilə dünyanın ən islahatçı ölkələr sırasında yer alır.
Bəxtiyar Əliyev qürurverici olan bu uğurumuzu da xüsusi qeyd etdi ki, Azərbaycan bu gün Ümummilli Liderin yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamağı əsas hədəf kimi qarşıya məqsəd qoyub. Zəngin dövlətçilik məktəbi keçən cənab İlham Əliyev dünyada ən islahatçı dövlət rəhbəri kimi tanınır və Ona böyük etimad göstərilir. Bu gün müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. İki ildən artıqdır ki, Azərbaycan xalqı tarixi Zəfərin sevincini yaşayır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə Azərbaycanın malik olduğu imkanların təqdimatı oldu. 30 ilin işğalına son qoyuldu, azad edilmiş torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Soydaşlarımızın torpaq həsrəti Böyük Qayıdış ilə əvəzlənir. Artıq Zəngilanın Ağalı, Tərtərin Talış kəndləri sakinlərini qarşılayıb. Bu il laçınlılar Laçına qayıdacaq.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov beynəlxalq konfransda iştirak etməkdən məmnun olduğunu bildirdi. Diqqətə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqı qorumaq üçün hər bir sahədə atdığı mühüm addımlarla Azərbaycan tarixində silinməz iz qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış Zəfərlə ölkəmiz regionda söz sahibliyini möhkəmləndirən güclü dövlətə çevrilib.
Asif Əsgərov vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir. Xalqını, Vətənini, torpağını hər şeydən əziz tutan Ümummilli Lider bildirirdi ki, mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Dövlətinə, xalqına xidməti hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas prinsipinə çevirən dahi şəxsiyyət Heydər Əliyevin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərlə, aylarla danışmaq olar. Onun fəaliyyətinin hər bir sahəsi özlüyündə bir tədqiqat mövzusudur, neçə-neçə əsərlərin yaranmasını, kitabların çap olunmasını şərtləndirir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə atdığı addımlara diqqət yetirdikdə gələcəkdə Azərbaycanı müstəqil görmək istəyi özünü qabarıq şəkildə büruzə verir. Ulu Öndərin hakimiyyətinin ikinci dövrü Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmlənməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yuksəliş, hər kəsin özünü ölkəsinin layiqli vətəndaşı kimi dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında bildirdi ki, Ulu Öndərin təhsil sahəsində apardığı islahatlar ölkə təhsilinin gələcək inkişafına zəmin yaratdı.
Elnur Nəsibov vurğuladı ki, bu gün güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Ümummilli Lider daim qürurla bildirirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycan xalqı da fəxr edir ki, onun Heydər Əliyev kimi ölkəsinin gələcəyini düşünərək inkişaf strategiyasını hazırlayan tarixi şəxsiyyəti, Lideri olub və bu gün həmin siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycana ən yüksək zirvələri fəth etdirir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev konfrans iştirakçılarını universitetin kollektivi adından salamlayaraq, xalqı ağır sınaqlardan çıxarmış Ümummilli Lider Heydər Əliyevin daim dərin ehtiramla yad edildiyini bildirdi. Vurğuladı ki, Ulu Öndərin həyata keçirdiyi uğurlu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Qələbənin təməlində Ulu Öndərin düşünülmüş, məqsədyönlü siyasəti və bu siyasətin uğurlu nəticələri dayanır. Hər bir ölkənin inkişafında elmin, təhsilin rolu inkaredilməzdir. Ümummilli Liderin millətin gələcəyi kimi dəyərləndirdiyi təhsilə diqqət və qayğı bütün dövrlər üçün aktuallığı ilə öndə olub. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəyini düşünərək gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdir.
Elçin Babayev qeyd etdi ki, Ümummilli Liderin təhsil siyasəti son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə savadlılığın səviyyəsi 100 faizə yaxındır.
Sonra Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolunu və siyasi irsini əks etdirən videoçarx nümayiş etdirildi.
Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqappor Qırğızbayev Ulu Öndər Heydər Əliyevin Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolundan, hər iki dövlət arasındakı əlaqələrin çoxəsrlik tarixə malik olmasından danışdı. Bildirdi ki, hazırda bu dostluq münasibətləri Prezident İlham Əliyev tərəfindən istər elm, istər siyasət, istərsə də mədəni sahədə uğurla davam etdirilir.
Rusiya Federasiyasının Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov Heydər Əliyevin keçmiş Sovetlər dövründə fəaliyyətindən, xüsusilə təhsil sahəsində gördüyü işlərdən danışdı. Qeyd etdi ki, Heydər Əliyevin təşəbbüsü ilə o dövrdə həyata keçirilən islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən reallaşdırılan nəhəng quruculuq işləri ilə davam etdirilir. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən bəhs edən rektor BSU ilə gələcəkdə mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu vurğuladı.
Gürcüstanın Kutaisi Dövlət Universitetinin rektoru Şalve Kirtadze dəvətə görə BSU rəhbərliyinə təşəkkür etdi. Hələ Sovet dövründən Heydər Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verməsindən danışan rektor Ulu Öndərin Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırdığını, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyini diqqətə çatdırdı. Şalve Kirtadze BSU ilə Kutaisi Universiteti arasında əməkdaşlığın genişləndirilməsi üçün səfər çərçivəsində müzakirələr aparıldığını qeyd etdi. BSU rəhbərliyini yaxın aylarda universitetdə keçiriləcək tədbirə dəvət etdi. O, çıxışında Azərbaycanın uğurlarının davam etdiyini və Prezident İlham Əliyevin yeni güclü Azərbaycan yaratdığını xüsusi vurğuladı.
Rusiya Federasiyasının Ural Federal Universitetinin rektoru Viktor Kokşarov Heydər Əliyevin hələ sovet dönəmlərində Azərbaycanı dirçəltməsindən, İttifaq səviyyəsində öndə gedən respublikalardan birinə çevrilməsinə təkan verməsindən söz açdı. Konfransda iştirak edən müxtəlif ölkələrin univeristetlərinin bu platformadan istifadə edərək, birgə yeni əməkdaşlığa yol açacağına əminliyini ifadə etdi. Təmsil etdiyi universitet haqqında təqdimatla çıxış edərək, çoxprofilli ali təhsil müəssisəsi olduğunu qeyd etdi. Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor azərbaycanlı həmkarları ilə birlikdə elmi-akademik mübadilə imkanlarını, təmsil etdiyi universitetdə azərbaycanlı tələbələrin də təhsil aldığını bildirdi.
Polşa Respublikasının Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalekin videomüraciəti nümayiş olundu. Rektor konfransın əhəmiyyətindən söz açaraq, iştirakçılara uğurlar arzuladı, bölmə iclaslarında məhsuldar müzakirələrin olacağına inamını ifadə etdi.
Türkiyə Respublikasının YÖK prezidentinin müşaviri Haşim Koç xüsusi əhəmiyyətli konfransa dəvətə görə BSU rəhbərliyinə təşəkkür edərək, belə bir tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirdi. O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əlaqələrindən danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu münasibətlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini diqqətə çatdırdı. “Özümü öz evimizdəki kimi hiss edirəm” fikri ilə Azərbaycan-Tükiyə qardaşlığının yalnız dövlət səviyyəsində deyil, xalqlar arasında möhkəmləndiyini, hər kəsin bu dostluğa töhfələr vermək istəyini ifadə etdi.
Konfransda Qazaxıstan Respublikası L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, akademik Yerlan Bakttaşeviç Sadıkovun təbrik məktubu oxundu. Məktubda deyilirdi ki, Qazaxıstan - Azərbaycan əlaqələrinin inkişaf perspektivlərinin əsası Ulu Öndər tərəfindən qoyulub, Prezident İlham Əliyev bu ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə uğurlu siyasəti ilə stimul verir. Həmçinin universitetlər arasında geniş əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyəti də vurğulandı.
Çıxışlarda ümumi fikir bu oldu ki, elm yalnız bir təhsil ocağı ilə məhdudlaşa bilməz. Bunun üçün əlaqələrin inkişaf etdirilməsi, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması mütləqdir. Belə tədbirlər əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir.
Açılış mərasimini bədii hissə ilə başa vuran konfrans sonra işini bölmə iclaslarında davam etdirdi.