Mayın 5-də Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı ikigünlük beynəlxalq elmi konfrans panel iclaslarda davam etdi.
"Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası", "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı", "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev - Azərbaycan dilçiliyi və ədəbiyyatı", "Azərbaycanşünaslıq elm sahələri prizmasında", "Tədqiqatın beynəlmiləlləşməsi məsələsi", "Qarabağ Azərbaycandır!" adlı bölmələrdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ayrı-ayrı sahələrdə gördüyü işlər, bugünümüz üçün yaratdığı möhkəm təməl geniş müzakirə edildi. Məruzələrdə bir daha qeyd edildi ki, Ümummilli Liderin fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusudur. Elmi araşdırmaları davam etdirməklə yeni istiqamətlər üzə çıxır və onların gənc nəslə çatdırılması vacib amillərdəndir. Bölmələrdə aparılan müzakirələrə qatılan xarici ölkələrin ali təhsil ocaqlarının rəhbərləri təhsil sahəsində təcrübə mübadiləsindən bəhs edərək Azərbaycan xalqının Ümummilli Liderinin hələ hakimiyyətinin birinci dövründə bu sahəyə xüsusi diqqət göstərdiyini əsaslı şəkildə diqqətə çatdırdılar. Məruzələr əsasında Azərbaycana həm ölkə daxilindən, həm də xaricdən baxışın aydın mənzərəsi təqdim edildi.
İki gün davam edən beynəlxalq elmi konfrans bir daha bu reallığa işıq saldı ki, Azərbaycan hər bir sahədə yeniliyə, təkmilləşməyə önəm verir. Bunun əsasında məhz Ulu Öndər Heydər Əliyevin düşunülmüş və gələcəyə hesablanmış siyasəti və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Beynəlxalq konfransın yekun tədbiri bir sıra mühüm məqamlara diqqətin yönəldilməsi ilə yadda qaldı.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev konfransın öz işini uğurla başa çatdırmasını böyük ruh yüksəkliyi ilə vurğuladı. Tədbirin belə yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Anar Nağıyev bildirdi ki, öncədən konfransın mahiyyətinə və beynəlxalq statusuna xüsusi diqqət yetirildi. Tədbir elmi ictimaiyyəti bir araya gətirərək həm Azərbaycanın bugününün memarı Ulu Öndər Heydər Əliyevin xidmətlərinin təhlili, həm də təhsil, elm sahəsində təcrübəmizin bölüşməyimiz baxımından xüsusi əhəmiyyət kəsb edir. 20-dən artıq xarici qonağın iştirak etdiyi tədbirin coğrafiyasının genişliyi böyük məmnunluq hissi doğurdu. Bu, bir daha onu təsdiqlədi ki, belə elmi konfranslar vacibdir, əhəmiyyətlidir, onun beynəlxalq xarakterini nümayiş etdirir. Konfrans üçün proqrama daxil olan 552 tezisin təxminən 10 faizə yaxını xarici ölkələrdən göndərilmişdir. Açılış mərasimində çıxışların hər birində Ulu Öndərin müasir Azərbaycan dövlətinin inkişafında mühüm rolu qeyd edildi.
Rektor onu da əlavə etdi ki, 14 bölmədə müzakirələrin aparılması göstərdi ki, həm Ulu Öndərin fəaliyyəti, həm elmin inkişafı, həm də gələcəyə baxışla bağlı nəticələr olmalıdır. Əvvəlcədən müəyyənləşdirildiyi kimi, konfransın gedişi dövründə hər bir bölmə rəhbərinin qiymətləndirmə meyarı var idi. Bu meyarlar ümumiləşdirilərək onlara uyğun olaraq 100 tezis seçiləcək və məqalə formasında çap olunması planlaşdırılır.
Anar Nağıyev vurguladı ki, konfransın iştiraklılıq əhatəsini genşləndirmək məqsədilə ölkədə fəaliyyət göstərən ali təhsil ocaqları, həmçinin regionların orta təhsil müəssisələri tədbirə qatıldı. Bir ali təhsil müəssisəsi olaraq qarşımızda bir sıra prioritet məsələlər dayanır ki, onlardan biri bütün ali təhsil ocaqlarında gözləntilər nədən ibarət olduğunu və bu əlaqələrin necə qurulmasını müəyyənləşdirməkdir. Düşünürük ki, konfrans bu məqsədimizə də yüksək səviyyədə nail olacağımıza öz töhfəsini verəcək.
Qeyd etdiyimiz kimi, beynəlxalq elmi konfransda iki gün ərzində müxtəlif bölmələrdə mənalı ömrünü bütün varlığı ilə xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat yoluna nəzər salındı.
Professor Piralı Əliyev bölmələrdə müzakirə olunan məruzələrin geniş müzakirələrə səbəb olduğunu, hər bir iştirakçının konfransdan böyük məmnunluq hissi ilə bəhs etdiyini bildirdi. Bölmələrin əhatə etdiyi mövzuların hər biri dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı sahələrinin təqdimatı oldu.
Qeyd edək ki, Azərbaycandan və xarici ölkələrdən, ümumilikdə, 500 nəfərdən çox insanın iştirak etdiyi beynəlxalq konfransa Bolqarıstan, Türkiyə, Gürcüstan, Şimali Makedoniya, Rusiya, Özbəkistan, Qazaxıstan da daxil olmaqla 20-dən çox xarici qonaq qatılmışdı. Dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqlarının və elmi-tədqiqat institutlarının nümayəndələrinin iştirak etdikləri beynəlxalq elmi konfransın 14 bölməsində 552 məruzə dinlənildi.
Bakı Slavyan Universitetinin Tədris işləri üzrə prorektoru Ənvər Abbasov, professor Rüstəm Kamal və başqaları çıxış edərək hər bir beynəlxalq tədbirin mövzu ilə yanaşı, onun keçirildiyi məkan baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdilər. Qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq elmi konfransın mövzusu özündə bütün məqamları açıqlayır. Konfransların davamlı olmasına, hər dövrün çağırışlarına uyğun belə tədbirlərin keçirilməsinə böyük ehtiyacın olduğu bildirildi. Qarşılıqlı fikir mübadiləsi əsasında istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil ocaqlarının malik olduqları ənənənin, təcrübənin bölüşülməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və əlaqələrin daha sıx birləşdirilməsi vacib amil kimi qeyd edildi.
Bir daha bu reallıq öz təsdiqini tapdı ki, Azərbaycan daim dünya elminə verdiyi töhfələri ilə diqqətdə olub. Bu gün hər bir ali təhsil ocağı bu ənənələrin davam etdirilməsində öz təcrübəsini daha da zənginləşdirərək ümumi məqsədə töhfəsini verməlidir.
Beynəlxalq elmi konfrans işini musiqi proqramı ilə işini sona çatdırdı.