Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
“İki sahil” xəbər verir ki, rayon ərazisindəki 55 saylı məktəbdə "Tarix yazan imza" mövzusunda tədbir keçirilib. 3C sinif rəhbəri Nailə Quliyevanın təşkilatçılığı ilə keçirilən tədbir Ümummilli Liderin 100 illik yubileyinə həsr olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının məsləhətçisi Fidan Əliyeva və məktəbin məzunu, şəhid Samir Əliyevin anası Sevda Əliyeva iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin aparıcıları olan, 11"B" sinif şagirdi Zeynəb Babayeva və 8"A" sinif şagirdi Əli Əfəndiyev Ümummilli Liderin həyatı, Onun Azərbaycan tarixində misilsiz rolu haqqında məlumat veriblər.
Şagirdlər Azərbaycana, Ulu Öndər Heydər Əliyevə həsr edilən şeirlər, mahnılar səsləndirib, kompozisiyalar təqdim ediblər. 3C sinif şagirdi Molouki Nafas "Xarıbülbül", 7"C" sinif şagirdləri "Azərbaycan suitası" rəqsi ilə çıxış ediblər.
Tədbir "Azərbaycan" mahnısının sədaları altında yekunlaşıb.