Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Çələbilər kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən isə Göyçay şəhər 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.