15 may 2023 18:14
590

Ulu Öndərin Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanmasında xidmətləri əvəzsizdir - FOTO

Mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ailə festivalı” keçirilib.

Festivalda rəsmi nümayəndələr, qonaqlar, Milli Məclis üzvü, ölkənin müxtəlif regionlarını təmsil edən ailələr, həmçinin qardaş Türkiyədən dəvət olunmuş nümayəndə heyəti və ailələr iştirak ediblər.

Fevtivalın açılışında  Komitə sədri Bahar Muradova çıxış edərək, bütün ailələri Beynəlxalq Ailə Günü münasibətilə təbrik edib: “Tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması mühüm məsələdir. Hər il ənənəvi olaraq keçirilən “Ailə Festivalı” həm də milli ailə dəyərlərinin bayramıdır. Bugünkü ailələr, bugünkü nəsillər əcdadlarından miras qalan milli dəyərləri gələcək nəsillərə yüksək səviyyədə ötürəcəklər".

Bahar Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dəyərlərini müasir demokratik dəyərlərlə vəhdətdə götürərək dövlət ailə siyasətini müəyyənləşdirmişdir:” Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanması, dövlət siyasətinin bir hissəsinə çevrilməsi, həmçinin müasir, demokratik əsaslarda inkişaf etdirilməsi istiqamətində gördüyü işlər əvəzsizdir. Bu gün dövlətimizin, ictimai sferada, o cümlədən mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər bütün gəncliyimizin sərvətidir”.

Qardaş Türkiyədən də ailələrin festivalda iştirak etdiyini diqqətə çatdıran B. Muradova bildirib ki, nə qədər Azərbaycan-Türkiyə və digər türk qardaşlarımız var, biz hər zaman birliyimizi, bərabərliyimizi göstərəcəyik, bütün hallarda bir-birimizin yanında olacağıq.

Daha sonra Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin idarə rəhbəri Hülusi Gölpınar və Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək festivalın işinə uğurlar arzulayıb, festivalın əhəmiyyətindən söz açıblar. Diqqətə çatdırılıb ki, “Ailə Festivalı”nın keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks  tədbirlərin görülməsidir.

Festivalın davamında “Heydər Əliyev – 100 il”, “Azəbaycan-doğma diyar”, “Yaradaq öyrənək”, “Yaşıl dünya”, “Mütaliə edək”, “Milli irs” və “Yaradıcı əllər” adlı guşələrdə uşaqlar üçün təşkil edilmiş maraqlı və maarifləndirici oyunlar, xüsusi əyləncə proqramları təşkil edilib.

Yaqut Ağaşahqızı, “İki sahil”