21 iyun 2023 19:52
647

Yaddaşlara əbədi həkk olan igid… FOTO

44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünyaya sübut etdi ki, onun Vətəni nə qədər müqəddəsdir. Vətənini canı qədər sevən qəhrəman oğullarımız ana torpağının bir qarışı belə düşməndə qalmasın deyə, ölümün gözünə dik baxıb şəhadətə yüksəldilər. Belə oğulları xalq əbədi unutmur, onların xatirəsini əziz tutaraq tez-tez məzarlarını ziyarət edir, mövlud və anım günlərini elliklə qeyd edirlər.

Culfa Rayon Mədəniyyət və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə şəhid leytenant Nicat Məmmədlinin doğum günü Culfa Rayon Mədəniyyət Sarayında qeyd olunub.

Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Pərvin Məmmədov, Post rəisi, Gömrük xidməti polkovniki Elxan Xudaverdiyev və Gömrük İdarəsinin əməkdaşları, şəhidin ailəsi, yaxınları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhid leytenant Nicat Məmmədlinin qısa, şərəfli həyat yolundan bəhs ediblər. Bildirilib ki, Nicat Məmmədli 1999-cu il Culfa şəhərində anadan olub. 2005-ci ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyi, 2020-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Qəhrəmanımız elə həmin ildə də leytenant rütbəsi alaraq Ağdam rayonunda yerləşən “N” hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Vətəni bütün varlığı ilə sevən gənc zabit 2020-ci il 27 sentyabr tarixində Ali Baş Komandan tərəfindən əks-hücum əmri verildikdən sonra döyüşə qatılaraq Ağdam, Ağdərə, Füzuli bölgələrində əsgərləri ilə birgə düşməni məhv edib. Qəhrəmanımız iştirak etdiyi döyüşlərdə düşmənin istər canlı qüvvəsinin məhv edilməsində, istərsə də döyüş texnikasının sıradan çıxarılmasında böyük fədakarlıq göstərib. Nicat Məmmədli 2020-ci il 8 oktyabr tarixində Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə ali məqama-şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid leytenant Nicat Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Tədbirin bədii hissəsində Culfa şəhər 2 və 3 nömrəli tam orta məktəblərinin şagirdləri şəhidimizə həsr olunmuş şeirlər söyləmiş və səhnəciklə tədbir yekunlaşıb.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru