Bu qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi mərhələsi üzrə hasilata başlanılıb
Azərbaycanın incisi hesab olunan “Abşeron” yatağının ölkənin neft-qaz strategiyasının uğurla davam etdirməsində öz danılmaz yeri var. Hamıya bəllidir ki, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. Bu isə ö deməkdir ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Bütün dünyada artıq Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı kimi tanınacaqdır.
“Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bununla belə, Azərbaycan geoloqları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasına inanırdılar.
Məhz bu inamın nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə SOCAR və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub.
Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il sentyabrın 9-da mətbuata verdiyi açıqlamasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi münasibətilə xalqımızı təbrik edərək deyib: “Doğrudan da bu, böyük hadisədir. “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir. Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək”.
2020-ci il sentyabrın 19-da “Abşeron” qaz-kondensat layihəsinin reallaşdırılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Xatırladaq ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir.
Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. Elə bu zənginliyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi nəzərdə tutulur. Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə isə yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Ümumilikdə isə bu yatağın da daxil olduğu enerji siyasətinin bir məqsədi var: Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək. Bu isə, həmçinin ondan xəbər verir ki, Azərbaycan ənənəvi olaraq neft ölkəsi ilə bərabər, təbii qaz ölkəsinə də çevrilib. Ölkəmiz həm də təbii qaz ehtiyatları ilə artıq sərhədləri aşaraq nəinki regionun əsas təchizatçılarından birinə çevrilib, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini təmin etməyə hazırlaşır.
“Abşeron” qaz-kondensat yatağında hasilata başlanılıb
Məlum olduğu kimi, bu günlərdə Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılıb.
Bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50% paya malikdir.
Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir. SOCAR etibarlı tərəfdaşları ilə birlikdə ölkəmizin böyük enerji potensialının reallaşdırılması və Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
“Abşeron” yatağından ilkin qazın alınması ölkəmiz üçün əhəmiyyətli hadisədir

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban yatağın əhəmiyyəti, ölkə iqtisadiyyatına və dövlətə qazandıracağı dividendlə bağlı mətbuata açıqlamasında bildirib ki, artıq danılmaz faktdır ki, Azərbaycan Avropanın enerji təhükəsizliyi məsələsində önəmli dövlətlərdəndir. Təbii qaz böhranının yaşandığı dövrlərdə qitə dövlətləri üçün Azərbaycanın əhəmiyyəti bir daha təsdiqləndi. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycan ilə Avropa İttifaqının enerji əməkdaşlığının əhəmiyyətini qeyd edib: “Bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir”.
İlham Şaban vurğulayıb ki, “Abşeron” yatağından ilkin qazın alınması ölkəmiz üçün əhəmiyyətli hadisədir: “Azərbaycan yataq ilə bağlı hasilatın pay bölgüsü sazişini 2009-cu ildə imzalayıb. 2011-ci ilin avqust ayında “TotalEnergies” şirkəti böyük qaz ehtiyatlarının olmasına dair ilk kəşfiyyat quyusunu açdı. Quyudan əldə olunan məlumatlar öyrənildikdən sonra məlum oldu ki, yataqda 350 milyard kubmetr təbii qaz ehtiyati, 45 milyon ton kondensat var. Kondensat daha yüngül neftdir və bahalıdır”.
Ekspert vurğulayıb ki, ildən ilə neft və maye karbohidrogenlər hasilatı azalan Azərbaycan üçün bu əlamətdar hadisədir: “Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji böhranının olması, ticari zəncirin qırılması və s. hadisələr fonunda “Abşeron” yatağında illik 1,5 milyard kubmetr qazın alınması ölkəmiz üçün yaxşı nəticədir. Bağlanmış müqavilənin kommersiya sazişinə görə, birinci mərhələdən hasil edilən bütün təbii qaz Azərbaycanın daxili bazarına yönləndiriləcək. Yəni 30 il müddətində 45 milyard kubmetr (1,5 x 30) daxili bazara yönləndiriləcək. Yerdə qalan 300 milyarddan artıq hissə isə ixrac üçün lazım olacaq”.
İ.Şaban hesab edib ki, burada iri platforma tikiləcək: “Ən azı “Şahdəniz -1” gücündə qurulacaq bu platforma ilə 8 milyard kubmetrə qədər qaz hasil etmək olacaq. Bu qazı genişləndirilmiş Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac etmək mümkün olacaq”.
“2007-ci ildən daxili bazarı ödəmək üçün qaz alırıq. Cari il iyulun 1-nə 58 milyard kubmetr qaz alınıb. “Şahdəniz-1” layihəsindən daxili bazara 4-4,5 milyard kubmetr qaz gəlir. Nəzərə alsaq ki, “Abşeron” yatağından da daxili bazar üçün 1,5 milyard kubmetr qaz əldə olunacaq, bu zaman “Şahdəniz”dən gələn qazın bir hissəsini “Abşeron” qazı ilə əvəzləyərək, “Şahdəniz”ində ixrac üçün imkanları artacaq. Bu il ötən illə müqayisədə Avropa bazarında təqribən 500 milyon kubmetr daha çox qaz satmaq planlaşdırılır. Ötən illə müqayisədə Türkiyə bazarında qaz həcmləri 1 milyard artırılacaq. Ölkəmiz mərhələli şəkildə Cənub Qaz Dəhlizini genişləndirməyə çalışır.
Prezident İlham Əliyev bildirmişdi ki, BP ilə birgə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarındakı qazın tezliklə bazara çıxarılması üzərində iş gedir. Bu gün Azərbaycan 35 milyard kubmetr əmtəəlik qaz hasil edirsə gələcəkdə bunu 45 bəlkə də 50 milyarda çatdırmaq imkanlarımız olacaq.
Qazın nefti üstələməsi. Bəli, qaz gəlirlərinin neft gəlirlərini üstələməsi artıq əfsanə deyil reallıqdır. 2023-cü ilin birinci rübünün nəticələrinə görə “Şahdəniz”dən gələn mənfəət qazından ödənilən vergi həcminə görə büdcədə qaz gəlirləri neft gəlirlərindən 1 milyard ABŞ dolları çox olub”, - deyə təhlilçi qeyd edib.
Yaqut Ağaşahqızı, “İki sahil”
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq