Dövlət büdcəsində artım ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektorunda da xüsusi fəallıq nəzərə çarpır. Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir.
Bunu iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Müşavirədə 6 ay ərzində əldə edilən uğurlar xüsusi qeyd edilib. Dövlət başçısının bildirdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru ümumiyyətlə, 3 faizdən çox artıb.
Qeyri-neft sahələrinin inkişaf etdirilməsinin uğurlu nəticələri ixracda da özünü qabarıq şəkildə büruzə verir. Hesabat dövründə qeyri-neft sənayesi məhsullarının ixracı 40% artıb. Belə ki, bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40,1%-lik artıma nail olunub. Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14,8% təşkil edib. Bu, maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın iyul sayına əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub. Azərbaycanın xarici ticarət balansında 10 milyard dollarlıq müsbət saldo yaranıb. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Təsadüfi deyil ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Son illər Azərbaycan Respublikasının iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun xeyli artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan vermişdir. Bu da heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə işbirliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir ki, son illərdə ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir.
Göründüyü kimi, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub, ölkəmizin maliyyə durumu daha da yaxşılaşıb. Ölkədə islahatların davam etdirilməsi nəticəsində maliyyə sektorunda nizam-intizam möhkəmlənib, vergi və gömrük sahələrindən büdcəyə daxilolmalar artıb. Eyni zamanda, davamlı islahatların gətirdiyi uğurlar nəticəsində şəffaflığın təmin edilməsi büdcəyə yenidən baxılmasına, dürüstləşmə aparılmasına, rekord həddə olan builki dövlət büdcəsinin daha 3 milyard manat artırılmasına və 33 milyard manatdan 36 milyard manata kimi yüksəldilməsinə şərait yaradıb.
Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə Azərbaycan hökumətinin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olmasını göstərir. İşğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası və ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir. Büdcə gəlirlərinin artması imkan verib ki, bu istiqamətdə işlər daha sürətlə və uğurla icra edilsin. Qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır.
2023-cü ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşımaların həcmi 6,8 və sərnişindaşımaların həcmi isə 19 faiz artıb. Bu artım həm də son dövrdə Azərbaycanın artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilməsi ilə əlaqədardır. Azərbaycanın əlverişli coğrafi vəziyyəti ona müasir nəqliyyat sektorunda əlavə imkanlar yaradır. Azərbaycan təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq məqsədi güdmür, həm də nəqliyyat marşrutları üzərində istehsal sahələri yaratmaq niyyətindədir. Dünyada baş verən bir sıra hadisələrlə əlaqədar olaraq əvvəllər Şimal dəhlizi ilə daşınan yüklərin artıq Orta Dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TITR) yönləndirilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu artırıb. Yeni nəqliyyat marşrutlarının açılması ölkəmiz üçün də yeni imkanlar açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində ölkəmizin əsas tərəfdaşa çevrilməsinə imkan verir. Təbii ki, bu da orta və uzunmüddətli dövrdə ölkənin təkcə tranzit ölkə deyil, həm də əsas istehsalçı və ixracatçıya çevrilməsinə imkan yaradır. Nəqliyyat marşrutları üzərində olan regionlarımızda yeni biznes imkanları açılır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ilə dəniz nəqliyyatı sahələri və xüsusən gəmiqayırma sənayesi hökumətin əsas diqqət mərkəzində olan sahələrdəndir. Bu sahədə aparılan islahatlar və qoyulan sərmayelər yaxın dövrdə dəniz yolu ilə yüklərin daşınmasını əhəmiyyətli dərəcədə artıra bilər.
Güründüyü kimi, sadalanan bütün faktlar ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.
Nigar Orucova, “İki sahil”
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq