18 iyul 2023 22:50
394

Lirə və rublun durumu manata təsir edə bilərmi?

Azərbaycan manatının məzənnəsinə neftin qiyməti ilə yanaşı, ölkəmizin qeyri-neft ixracatında aparıcı paya malik olan ölkələrin valyutaları da təsir edir. Qonşuların milli valyutasının durumu ölkəmizdəki iqtisadi proseslərdə  müəyyən rol oynayır.

Neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın əsas həcmini müəyyənləşdirir. Neft baha olduğu təqdirdə ölkəyə daha çox valyuta daxil olur. Bu da sözsüz ki, Azərbaycan manatının məzənnəsi üçün əhəmiyyətlidir.

Son günlər İran rialı ciddi dəyər itirib, türk lirəsinin və rus rublunun da ucuzlaşması müşahidə olunur. Azərbaycanın qeyri-neft ixracatının əsas hissəsi Rusiya və Türkiyənin payına düşür. Sadəcə olaraq Türkiyəyə göndərdiyimiz məhsulların müqayisəli üstünlüyü var. Burada enerji məhsulları xüsusi yer tutur. Lakin nəticə etibarilə türk lirəsinin və rus rublunun ucuzlaşması Azərbaycan manatına birbaşa təsir etmir. Ölkəmizin aqrar ixracatının təxminən 90%-i Rusiya bazarının payına düşür. Əgər Rusiyada rubl kəskin ucuzlaşırsa və manatın məzənnəsi dəyişmirsə, o zaman Azərbaycan məhsullarının bu qonşu ölkənin bazarında rublla ifadəsi baha olur. Nəticədə sözügedən məhsulların rəqabət imkanları xeyli azalır. Ona görə də rublun kəskin ucuzlaşması Azərbaycanın Rusiya ixracatına mənfi təsir göstərir.

Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır.

Azərbaycan manatı dollarla bağlı olduğu üçün onun qarşısında digər valyutalar hansı dinamikanı göstərirsə, eyni qaydada manat qarşısında da göstərir. Məsələn, türk lirəsi və rus rublu ciddi şəkildə dəyər itirirsə, manat da həmin valyutalara münasibətdə bahalaşır.

Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Rəsmi məzənnəyə uyğun olaraq son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92 olub. Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur.

Sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözlənilir. Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır. Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir.

Bir qayda olaraq FED dollar bahalaşması ilə müşayiət olunan qərarlar verəndə adətən neft ciddi şəkildə ucuzlaşır. Neftin qiymətində kiçik dəyişiklik olsa da ciddi təsir barədə hələ ki, danışmaq olmaz. Rusiya-Ukrayna müharibəsinə görə bazarda qıtlıq olması faktoru neftin kəskin ucuzlaşmasına imkan vermir. Ekspertlər vurğulayırlar ki, nə qədər ki, neftin qiyməti yüksəkdir, manatın sabitliyi üçün problem olmayacaq.

Azərbaycan hökuməti valyuta bazarını tam nəzarətdə saxlayır. Hətta banklardan 100 dollar almaq istəyəndə belə şəxsiyyət vəsiqəsi tələb edilir. Valyuta alış-satışı və ölkədən çıxarılması üzərində güclü nəzarətin olduğu ölkədə hətta aşağı neft qiymətlərində belə manatın məzənnəsi üçün o qədər də təhlükə yoxdur.

Cavid Əkbərov, “İki sahil”