ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı 15 iyulda 228 minə enərək son 2 ayın ən aşağı səviyyəsinə düşüb. Həmçinin ikinci əl ev satışları da iyun ayında aylıq müqayisədə 3.3% azalaraq 5 ayın ən aşağı səviyyəsinə düşüb.
Mənzil bazarında zəif statistikaya baxmayaraq, işsizlik müavinəti üçün müraciətlərin azalması fonunda dollar indeksi 101 bənd hədlərinə kimi yüksəlib. Nəticədə dollar digər major valyutalar qarşısında bahalaşıb. ABŞ-da şirkətlərin açıqladığı ikinci rüb balans hesabatları investorların diqqət mərkəzində olub.
Cümə axşamı ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayan “Tesla” və “Netflix”in səhmlərindəki ucuzlaşma diqqət çəkib. Ümumi mənfəət marjı 18.2 faizə qədər azalan “Tesla”nın səhmləri 10%-ə yaxın, gəlirləri analitiklərin proqnozlarının altında açıqlanan “Netflix”in səhmləri isə 8%-dən çox ucuzlaşıb. “İnvestAZ” İnvestisiya Şirkətinin analitiklərinin məlumatına görə, dollarda artım tendesiyası davam edə bilər.
Rubl yenə ucuzlaşacaqmı?
Rusiyalı analitiklər hesab edirlər ki, 2023-cü ilin sonuna qədər 1 ABŞ dolları 100 rubldan yuxarı qalxa bilər. Dolların 120 rubla yüksəlməsi isə yalnız qlobal maliyyə böhranı zamanı mümkündür.
Mövcud şəraitdə dolların məzənnəsinin 120 rubla yüksəlməsi mümkün görünmür və rublun belə əhəmiyyətli dərəcədə zəifləməsi müəyyən risklərin reallaşmasını tələb edir. İlk növbədə, inkişaf etmiş ölkələrdə tam maliyyə böhranı başlamalıdır. İndiyə qədər bazarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini bu il artırmaq ehtimalı cəmi 14% təşkil edir. Bununla belə, ABŞ əmək bazarı gözləniləndən daha yüksək səviyyədə qala bilər.
Bu baxımdan ABŞ tənzimləyicisi gələn həftə keçiriləcək yığıncağından sonra pul siyasətinin sərtləşdirilməsi tsiklini davam etdirsə, bu, bank sektorunda yeni problemləri üzə çıxara və öz növbəsində resessiyaya gətirib çıxara bilər. Bu halda dünya əmtəə bazarında qiymətlər aşağı düşəcək. Bu isə Rusiya ixracının azalmasına, rubla təzyiqin artmasına səbəb olacaq. Bununla belə, belə bir ssenarinin baş vermə ehtimalı hələ də aşağıdır. Bir sıra ölkələrdə iqtisadi artımın ləngiməsi gözlənilir, lakin bu, tam miqyaslı tənəzzülün başlanması demək deyil.
Proqnozlar və gözləntilər
Baza proqnozuna görə, məzənnə ilin sonuna kimi zəifləyəcək, onun dəyəri Yeni il qabağı bir ABŞ dolları üçün 100 rublu bir qədər keçəcək. Payızda rublun daha çox ucuzlaşması üçün xarici vəziyyətin kəskin pisləşməsi (ixracın azalması) lazımdır.
Payızda əmtəə qiymətlərinin, o cümlədən neft və qaz qiymətlərinin kəskin düşəcəyi gözlənilmir. Cümə axşamı, “Alfa-Investments” Teleqram kanalında bir dolları 80-120 rubl diapazonunda qiymətləndirib. Qeyd edilib ki, Rusiya valyutasının zəifləməsi riskləri hələ də qalmaqdadır. Məzənnə həm geosiyasətə, həm də neft hasilatına qoyulan məhdudiyyətlərə reaksiya verəcək. Hazırda isə 1 dolların qiyməti 90 rubldan yüksəkdir.
Cavid Əkbərov, “İki sahil”