22 iyul 2023 00:21
643

Bal ixrac edən ölkəyə çevriləcəyik

Kəlbəcər və Laçın rayonlarında istehsal olunan bal yenidən dillərdə dastan olub

2022-ci ildən etibarən Böyük Qayıdışın reallaşması və işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından mühüm mərhələ olub. İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində sakinlərin məşğulluğunun təminatı diqqət mərkəzindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakinləri özünüməşğulluq proqramına cəlb edilib. Verilmiş aktivlər hesabına sakinlər bu ərazilərdə maldarlıq və arıçılıq üzrə təsərrüfatlarını yaradıblar. Ümumilikdə, artıq doğma yurdlarına qayıdan kənd sakinləri agentlik tərəfindən fəal məşğulluq proqramları ilə əhatə olunub.

Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Bu iqtisadi zonalardan olan, 40 və daha artıq arı ailəsinə sahib fermerlərə öz arıçılıq təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir.

Hazırda mövsümlə əlaqədar arıçılıq təsərrüfatları həmin rayonlara köçürülüb. İşğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında istehsal olunan bal yenidən dillərdə dastan olub. Yaylaqlara aparılan arı ailələri identifikasiya nömrəli (birkalanmış) və EKTİS-də qeydiyyatda olmalıdır. Eyni kateqoriyadan olan, təsərrüfatlarında 200 başdan artıq xırdabuynuzlu heyvan olan fermerlər də təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət etməlidir.

Fermerlər Laçın və Kəlbəcər yaylaqlarına təsərrüfatların köçürülməsinə dair əlavə məlumatlarla (qrup üzvlərinin və nəqliyyat vasitələrinin sayı, köç ərəfəsində həyata keçirilməli olan zəruri tədbirlər və s.) https://bit.ly/3MzoOOu   linkinə keçid edib tanış ola bilərlər.

Artıq üçüncü ildir ki, bir çox arıçılıq təsərrüfatları işğaldan azad olunmuş ərazilərə, yaylaqlara aparılır. Laçının, Kəlbəcərin təbiəti çox əsrarəngizdir. Bu da arıçılıq sahəsinin inkişafına öz müsbət təsirini göstərir. Ötən iki ildə həmin ərazilərdə yerləşən təsərrüfatlarda yüksək keyfiyyətli bal istehsal olunub. Çəkilən ballar oktyabr ayında paytaxt Bakıda keçirilən bal yarmarkasında satışa çıxarılıb. Bu məhsullar böyük maraqla qarşılanıb. Yaylaqlarımızdakı floranın zənginliyi arıçılığın daha da inkişaf etməsinə imkan verəcək.

İşğaldan azad olunmuş yerlərə 2021-ci ildə iki mindən çox arı ailəsi köçürülüb. 2022-ci ildə isə 22 min arı ailəsi sözügedən ərazilərə yerləşdirilib. Bura Kəlbəcər, Laçın, Xocavənd, Qubadlı və Zəngilan rayonları aiddir. 300 tona yaxın əlavə bal istehsal olunub. Bu il üçün indidən dəqiq rəqəmlər vermək mümkün deyil. Təxminən bu il 40 mindən çox arı ailəsinin həmin ərazilərə köçürülməsi planlanlaşdırılıb. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərə 300 mindən çox arı ailəsinin köçürülməsi nəzərdə tutulur.

Balın istehsalının artması Azərbaycanı bal ixrac edən ölkəyə çevirəcək. Nəticədə dövlət büdcəmizə əlavə valyuta daxil olacaq. Bizim yerli bal tələbatımız 6 min tondur. İşğaldan azad olunmuş ərazilərə bal arıları yerləşdirilərsə, təxminən 4 min 500 tona yaxın əlavə bal istehsal etmək mümkün olacaq.

Cavid Əkbərov, “İki sahil”