ƏDV-dən azadetmə bazarda rəqabəti artıracaq, qiymətlər enə bilər
10 ildən çoxdur ki, ölkəmizdə avtomobil istehsalına başlanılıb. Azərbaycanda avtomobil istehsalı üzrə 3 zavod (Neftçala, Gəncə və Naxçıvanda) fəaliyyət göstərir. Naxçıvanda “Lifan”, “FAW”, “Changan”, Neftçala zavodunda isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər, eyni zamanda, Gəncə Avtomobil Zavodunda yük maşınları və traktorlar istehsal olunur. Ölkəmizdə hətta yaxın gələcəkdə hibrid avtomobillərin istehsalı gündəmdədir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib. Dəyişikliklərdən biri də ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunmasıdır. ƏDV malların və xidmətlərin qiymətinə əlavə olunmaqla istehlakçılar, yəni alıcılar tərəfindən ödənilən vergi növüdür. Azərbaycanda ƏDV 18 faiz dərəcəsi ilə tətbiq edilir. Belə görünür ki, ölkədə istehsal olunan minik avtomobillərinin istehsalçı tərəfindən satışının ƏDV-dən azad edilməsi onların ucuzlaşmasına səbəb olacaq.
Yeri gəlmişkən, avtomobillərin utilizasiyasını nəzərdə tutan qanunvericilikdə tərəflərdən biri də yerli avtomobil istehsalçılarıdır. Qanuna görə, avtomobilini utilizasiyaya verən şəxsə bu barədə təsdiqedici sənəd veriləcək və onun əsasında 3 il ərzində yalnız ölkədə istehsal edilmiş yeni avtomobili güzəştli qiymətə almaq mümkün olacaq. Beləliklə, maşınını “metalloma” vermiş şəxs bu güzəştlə yanaşı, ƏDV ödəmədən yeni avtomobil ala biləcək.
Yerli minik avtomobillərinin təkcə satışı yox, onların yığımı (minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı) üçün nəzərdə tutulmuş 45 adda xammal və materialların ölkəyə gətirilməsi də ƏDV-dən azad edilib. Təcrübə onu göstərir ki, vergi və gömrük güzəştlərinin tətbiqi avtomobillərin ilkin bazarında qiymətə təsirini göstərir. Bu baxımdan yerli bazarda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin istehsalı olan avtomobil qiymətlərinin digərləri ilə müqayisədə aşağı olması təkcə texnologiya ilə yox, həmçinin bu ölkələrdən Azərbaycana idxalda gömrük rüsumunun olmaması ilə bağlıdır.
Bundan başqa, Azərbaycana elektrikli avtomobillərin gətirilməsi (2019-cu ildən), eyni zamanda satışı (2022-ci ildən) ƏDV-dən azaddır. Ötən il istehsal ilindən 3 ilədək ötmüş belə avtomobillərin idxalı üçün gömrük rüsumu da 15 faizdən 0 faizə endirilib. Bu avtomobillərdə daxili yanma mühərriki olmadığından onlar üçün aksiz vergisi də hesablanmır. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. Vergi və gömrük güzəştlərinin fonunda belə avtomobillərə maraq artıb. Belə ki, rəsmi göstəricilərə görə, 2023-cü ilin birinci yarısında ölkəyə idxal olunmuş hibrid avtomobillərin sayı 17,9 faiz, elektromobillər isə 7,3 dəfə artıb.
Yerli istehsal avtomobillərin satışının vergidən azad edilməsinin digər avtomobillərin qiymətlərinə təsir edib-etməyəcəyi də böyük maraq doğurur. Hesab etmək olar ki, vergidən azadetmə faktoru yerli minik avtomobillərinə marağın artması fonunda bazarda rəqabəti artıracaq və nəticədə qiymətlər enə bilər. Azərbaycanda ildə 2 minə qədər minik avtomobili istehsal edilir. ƏDV-dən azadetmə sahibkarlar üçün avtomobil istehsalının həcmini artırmağa görə bir fürsətdir. ƏDV olmadığından onların istehsal etdikləri avtomobillərin qiyməti rəqabətədavamlı olacaq. Həmçinin yeni avtomobillərin istehsalı və istismarı köhnə avtomobillərin dövriyyədən çıxmasına şərait yaradacaq.
Rəsmi statistikaya görə, bu ilin yanvar-iyun aylarında ölkədə 1744 ədəd (ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz çox) minik avtomobili yığılıb. Bu avtomobillərin 1344 ədədi satılıb. Nəticədə ilin əvvəlində anbarlardakı hazır avtomobil ehtiyatı 270 ədəd olsa da, 6 ay sonra bu say 670-ə yüksəlib.
Cavid Əkbərov, “İki sahil”