31 avqust 2023 00:47
339

Rəqəmsal manatın tətbiqi realdırmı

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın tətbiqi üçün bütün imkanlara malikdir. AMB ilk növbədə milli ödəniş sisteminin modernizasiyasını və optimallaşdırılmasını hədəfləyir.

Bəs rəqəmsal manat niyə hələ də tətbiq olunmayıb? Rəqəmsal valyutanın maliyyə stabilliyinə və monetar siyasətə təsiri üzərində tədqiqatları hələ sonadək aparılmayıb.

Əlbəttə, rəqəmsal valyuta müəyyən risklərə malikdir və bunlar iqtisadiyyata təsir edə bilər. O cümlədən bu, böyük miqdarda elektron resurs tələb edir. Sevindirici haldır ki, Mərkəzi Bank rəqəmsal manatın tətbiqi üçün bütün resurs və imkanlara malikdir. Lakin AMB milli ödəniş sisteminin modernizasiyası və optimallaşdırılmasına fokuslanıb. Yenilik və innovasiyaların tətbiqinə isə sonra başlayacaq. Həmçinin Mərkəzi Bank texnologiya olaraq rəqəmsal valyutanı müsbət qarşılayır. AMB bu məsələdə trendləri izləyir, digər ölkələrin və aparıcı təşkilatların təcrübəsini öyrənir. Mərkəzi Bankın İdarə Heyəti rəqəmsal manatı tətbiq etməyi lazım hesab edərsə, o zaman bu prosesə başlanılacaq.

AMB ölkədə ümumi daxili məhsulun (ÜDM) 2024-ci ilədək 4-4,5 faiz səviyyəsində artacağını proqnozlaşdırır. 2024-cü ilə qədər qeyri-neft sektorunda artım 5-6 faiz səviyyəsində gözlənilir. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, həmçinin davamlı olaraq artan digər makroiqtisadi göstəricilər bu cür proqnozlar verməyə imkan yaradır. Dünya Bankı 2023-cü il üçün Azərbaycanda ÜDM artımını 2,8% səviyyəsində, 2024-cü il üçün isə 2,6% səviyyəsində proqnozlaşdırır. Azərbaycanda 2023-cü il üzrə nominal ÜDM 111,6 milyard manat olaraq qiymətləndirilir.

AMB baza ssenarisinə əsasən 2023-cü il üzrə illik inflyasiya proqnozu (8,3 faiz) dəyişməz olaraq qalır. İnflyasiya amilləri balansında əhəmiyyətli dəyişiklik baş verməsə də strukturunda yerdəyişmələr olub. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% artmışdır.

Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.

Cavid Əkbərov, “İki sahil”