08 sentyabr 2023 02:36
1543

Bitki yağları haqqında bilmədikləriniz

Bitki yağları  tez-tez istifadə olunan məhsullardandır. Mütəxəssislər sübut ediblər ki, ürək-damar sisteminin sağlamlığı üçün insan hər gün 1 xörək qaşığı bitki yağı istehlak etməlidir. Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır. Mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər.

Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.

Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır. Ən yaxşı bitki yağı «premium» növü olandır. Daha sonra əla növ və 1-ci növ gedir. Soyuq sıxılma üsulu ilə hazırlanmış yağ daha faydalı sayılır.

Bitki yağı işıq sevmir və işığın təsirindən tez xarab olur. Bu səbəbdən bitki yağını alanda marketdəki rəfin dərinliyində yerləşən yağı götürün.  Daha təzə yağ seçin. Yararlılıq müddəti bitənə yaxın yağın keyfiyyəti azalır.

Rafinə olunmuş bitki yağı şəffaf və açıq sarı rəngdə olmalıdır. Yağın rəngi nə qədər açıqdırsa, yağ da bir o qədər yaxşı sayılır.

Bəzən bitki yağlarının üzərində «E vitamini ilə», «tərkibində E vitamini var» və s. kimi qeydlər olur. Bu, sadəcə reklam hiyləsidir. İstənilən bitki yağında bu faydalı və vacib vitamin mövcuddur.

Yağın üzərində «xolesterinsiz» yazılıbsa, bu da sadəcə reklam üçündür. Buna aldanmayın və artıq pul ödməyin! Heç bir bitki yağında xolesterin yoxdur və ola da bilməz.

Növbəti reklam hiyləsi bitki yağının üzərində «konservantsız» qeydinin olmasıdır.  Bitki yağlarının tərkibinə konservantlar yoxdur. Konservantlar məhsulda mikrobların inkişafına mane olur, lakin bitki yağında mikroblar yaşaya bilmir.

Həmçinin bitki yağının tərkibinə demək olar ki, heç bir kimyəvi qatqını (rəngverici və s.) əlavə etmək mümkün deyil.

Samirə Tağıyeva, “İki sahil”