Xətai rayonundan olan şəhid zabit Elvin Şükürlünün xatirəsi ehtiramla anıldı
Sentyabrın 28-də İkinci Fəxri Şəhidlər xiyabanında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu, Bakının Xətai rayonundan olan şəhid leytenant Elvin Azad oğlu Şükürlünün anım günü keçirildi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət etdilər.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək E.Şükürlünün şərəfli həyat və hərbi xidmət yolu barədə ətraflı məlumat verdi. O, ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulduğunu, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğuladı.
Nəzərə çatdırıldı ki, əslən Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan Elvin 1997-ci ildə Füzuli rayonunda hərbi qulluqçu ailəsində doğulub. Atası Azad Şükürlü Azərbaycan Ordusunun ilk zabitlərindəndir. Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ildə Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsinin, o cümlədən indiki Horadiz şəhərinin işğaldan azad edilməsi ilə nəticələnən tarixi “Horadiz əməliyyatı”nın fəal iştirakçılarından biri, ehtiyatda olan kapitandır.
A.Şükürlünün hər iki oğlu - Elnur və Elvin də atalarının yolunu seçərək öz talelərini Vətənə xidmət peşəsinə bağlamağı qərara almışdılar. Hər iki qardaş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Elvin həm də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olub. Vətən müharibəsinin ilk günündən qardaşlar Daşkəsən istiqamətində Qələbə əzmi ilə hərbi əməliyyatlara qatılaraq Ermənistanın silahlı bölmələrinə qarşı mərdliklə vuruşublar. Elvin sentyabrın 28-də Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Anım mərasimində qeyd edildiyi kimi, qəhrəman zabit Vətən sevgisini onun yolunda canını fəda etməklə sübuta yetirdi.
Tədbir iştirakçıları, həmçinin Xətai rayonundan olan digər Vətən müharibəsi şəhidlərinin məzarları önünə çələng və güllər düzərək onların xatirəsini ehtiramla yad etdilər. Şəhidlərin ruhuna dualar oxundu, valideynlərinə və ailə üzvlərinə minnətdarlıq ifadə edildi.
Din xadiminin şəhidlərin ruhuna oxuduğu dualarla xatirə tədbiri sona yetdi. Həmçinin İkinci Fəxri Şəhidlər xiyabanında şəhidin xatirəsinə ehsan süfrəsi təşkil olundu.
Allah rəhmət eləsin!
Cavid Əkbərov,
“İki sahil”