04 oktyabr 2023 16:53
294

AMB: Kapital bazarında müştəri aktivləri üzrə yüksək təmərküzləşmə var

Azərbaycanın qiymətli kağızlar bazarında müştəri aktivlərinin artımı müsbət hal olsa da, sektorda müştəri aktivləri üzrə yüksək təmərküzləşmə mövcuddur.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu ilin I yarısında yerli investisiya şirkətlərinin müştəri aktivləri 441 milyon manat və yaxud 36 % artaraq 1 677 milyon manata çatıb. Artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Hesabat dövründə xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 426 milyon manat və yaxud 41% artıb.

Bundan başqa, sənəddə deyilir ki, müştəri aktivləri əsasən aşağı riskli qiymətli kağızlara investisiya olunub: "Belə ki, I yarımildə investorlar vəsaitlərinin 58 %-ni və yaxud 977 milyon manatını aşağı riskli qiymətli kağızlar hesab olunan dövlət istiqrazlarına, 32 %-ni və yaxud 541 milyon manatını korporativ istiqrazlara, 7 %-ni və yaxud 126 milyon manatını isə pul vəsaitlərinə yatırıb. Bazarda riskli yatırımların az olması fonunda törəmə maliyyə alətlərinə tələb az olub. Müştəri aktivlərinin 95 %-i ABŞ dollarındadır".