05 oktyabr 2023 16:45
1311

Göl bir gecədə çəhrayıya çevrildi - Mütəxəssislərdən həyəcan təbili

Avstraliyanın Kvinslend bölgəsindəki göl bir gecədə çəhrayı rəngə boyanıb.

Görüntülər “Reddit”də paylaşıldıqdan sonra qısa zamanda sosial şəbəkələrdə diqqət cəlb edib. İnsanlara bir gecədə müəmmalı şəkildə çəhrayıya çevrilən göldən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Məlumat üçün bildirək ki, bu maraqlı hadisə Brisben şəhərinin şimalındakı Moreton körfəzindəki Boondall bataqlıq ərazilərində yaşanıb. Görüntülər trend yaratsa da, gölün rənginin dəyişməsinin səbəbinin sirr olaraq qaldığı bildirilir.

Bəzi sosial şəbəkə istifadəçiləri suyun yaxınlıqdakı tullantılar səbəbindən çirklənməsindən narahat olsalar da, digərləri isə həmin rəngin təbii yosunların çiçəklənməsindən yarandığını iddia edirlər.

 Brisban Şəhər Şurasının sözçüsü məlumat verib ki, səlahiyyətli şəxslər əraziyə baş çəkəcək və suyun keyfiyyətini yoxlayacaq, mövcud vəziyyəti qiymətləndirəcəklər.

Xüsusilə isti və quru havalarda çəhrayı suyun təbii şəkildə meydana çıxa biləcəyini vurğulayan sözçü bunları əlavə edib:  "İsti hava, yağıntının miqdarının və gölə suyun daha az axması, həmçinin duz səviyyəsinin artması suda olan yosunların və bakteriyaların çəhrayı rəngə çevrilməsinə səbəb ola bilər."

Vüsal Cahanov, “İki sahil”