10 oktyabr 2023 02:58
407

Azərbaycan Pan-Avropa qaz təchizatçısı kimi mövqeyini möhkəmləndirir

Bu gün Trans-Adriatik boru kəmərinin (TAP) çatdırdığı təbii qaz həcmləri Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır

Azərbaycanın böyük maliyyə hesabına reallaşdırdığı Cənub Qaz Dəhlizi bu gün Avropanın ümid etdiyi alternativ qaz mənbələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizi ilə artıq 7 Avropa ölkəsinə qaz çatdırır. Ölkəmizin Avropanın enerji təminatındakı rolunu 2022-ci ilin iyulunda Bakıya gələrək, enerji sahəsində anlaşma sazişi imzalayan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen xüsusi qeyd edərək, ölkəmizi dəfələrlə etibarlı tərəfdaş kimi dəyərləndirib. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəmərinin istifadəyə verilməsi isə ölkəmizin enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Bu da “mavi yanacağ”a tələbatın ildən-ilə artdığı bir şəraitdə ölkəmizlə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayının xeyli artmasına səbəb olub. Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən Pan-Avropa təchizatçısı kimi dəyərləndirilir. Hazırda Avropa İttifaqı (Aİ) infrastrukturun genişləndirilməsi tədbirlərinə sərmayələrin yatırılmasını təmin etmək üçün azərbaycanlı tərəfdaşlarla işi davam etdirir. Bunu Avropa İttifaqının nümayəndələri də bildirirlər. Belə ki, RE­PowerEU planı (Rusiya qazından asılılığı azaltmaq) və Aİ ilə Azərbaycan arasında yeni strateji enerji tərəfdaşlığına dair Anlaşma Memorandumu 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin illik gücünü 2 dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq məqsədi daşıyır.

TAP-ın icraçı direktoru Luka Skieppati bildirir ki, bu kəmər kommersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 27 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun da 23 milyard kubmetrdən çoxu İtaliyaya ixrac edilib:  “Buna görə biz, mahiyyət etibarilə tədarükün təhlükəsizliyinə və bazar likvidliyinə töhfə vermiş olduq. Bu, uzunmüddətli müqavilələrin istismara verilməsi ilə bağlı görülən işlər nəticəsində baş verdi. Bu müqavilələrə əsasən, ildə 10 milyard kubmetr qaz nəql edilir və onun da 8 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Qaz kəmərindən getdikcə daha çevik istifadə edirik, bizdə qazı, adətən olduğu kimi, Şərqdən Qərbə yox, həm də Qərbdən Şərqə nəql etməyə, həmçinin qazı Yunanıstandan Avropaya çatdırmağa imkan verən məhsullar var”. Onun sözlərinə görə, bu, məsələn, Yunanıstana keçən il qazı İtaliyanın anbarlarında saxlamağa imkan verib və bu da ona çeviklik verib: “Biz bu istiqamətdə işləri davam etdirməliyik ki, gələcəkdə uzunmüddətli müqavilələr əsasında Xəzər dənizindən Avropaya birbaşa daşınma olan nəqliyyat xidmətlərinin belə davamlılığını təmin edək”. İcraçı direktor vurğulayıb ki, TAP 2022-ci ildə İtaliyanın qaz tələbatının 15 faizini təmin etdiyi üçün tamamilə strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Bu fonda xatırladaq ki, cari ilin aprelində isə Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Avropaya əlavə qazın tədarükü üçün ötürücü sistem operatoru ilə razılaşma memorondumu imzalayıb. “Həmrəylik halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu razılaşma Azərbaycana təbii qaz satışında müxtəlif bazarlar əldə etmək imkanı yaradır. Azərbaycanın qaz nəql etdiyi Avropa ölkələrinin sayı artıq ilin sonunda 10-a çatacaq. Onu da xatırladaq ki, ötən ilin payızında Avropa İttifaqının ümumi maraq layihələrinin “Beşinci siyahısı” açıqlanıb. Buraya 20 qaz layihəsi daxildir. Onlardan üçü Azərbaycan qazı ilə bağlıdır. Bu, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru, Rumıniya-Macarıstan dəhlizində klasterin tutumunun artırılması layihəsi və Bolqarıstan-Serbiya İnterkonnektorudur. Bu layihələr sözügedən ölkələrə Azərbaycan təbii qazına çıxış imkanı verəcək. Yeri gəlmişkən, son 3 ildə Avropada təbii qaz istehsalı 15 faiz azalıb. Buna səbəb qeyri-müəyyənlik nəticəsində təbii qaz investisiyalarının azalması, pandemiya və Avropa İttifaqının hələ də qazı ənənəvi enerji mənbəyi kimi qəbul etməsidir.

Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq. TAP-ın ümumi uzunluğu 878 km təşklil edir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.

Sevinc Azadi, “İki sahil”